Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları hər bir bölgənin, şəhər və kəndin, qəsəbənin müasir tələblər səviyyəsində qurulmasına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən layihələrin icrasında əhəmiyyətli rol oynayır. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən dövlət başçısı İlham Əliyev iqtisadi tərəqqinin qeyri-neft sektorunun hesabına olması ilə bağlı çağırışlar edəndə bu məqsədə nail olmaq üçün regionların malik olduqları imkanlardan maksimum istifadənin vacibliyini bildirdi və ilk Dövlət Proqramını təsdiqlədi. Son 18 ildən artıq dövrdə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrə diqqət yetirmək kifayətdir. Bütün infrastruktur müasir tələblərə uyğun şəkildə yenilənib. Ən ucqar kəndin, qəsəbənin belə işığa, suya, qaza olan tələbatı yüksək səviyyədə təmin olunub. Dövlət başçısı İlham Əliyevin yanvarın 30-da Gəncəyə 18-ci səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin sayına, ən əsası Vətən müharibəsi dövründə ermənilərin növbəti vəhşiliklərinin təzahürü olan Gəncə terrorunun dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayacaq Gəncə Memorial Kompleksinin təməlinin qoyulmasına diqqət yetirmək kifayətdir. Ölkə Prezidentinin digər bölgələr kimi Gəncə şəhərinə də hər səfəri yeni sosial, iqtisadi, mədəni və digər obyektlərin açılışı və yaxud da təməlqoyma mərasimləri ilə yadda qalıb. Həmin sosial, iqtisadi, mədəni və digər layihələrin əlamətdar xüsusiyyəti ondan ibarətdir ki, onlar nəinki Gəncənin inkişafına, eləcə də bütün ətraf bölgələrin tərəqqisinə xidmət edir. Bakıdan Gəncəyə dəmir yolu xətti tam modernləşdirilib. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Bu, insanların rahatlığı üçün önəmli məsələdir. Dövlət başçısının səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışı oldu. Lokomotiv deposunun istismarı enerji resurslarına qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına və fasiləsiz daşımaların təmin olunmasına imkan yaradacaq. Deponun Gəncədə inşa edilməsi onun yerləşdiyi məkanla, malik olduğu iqtisadi və sənaye potensialı ilə bağlıdır.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar RəhimzadəAzerTimes-a açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri əlamətdar hadisələrlə yadda qaldı. Dövlət başçısının səfər çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə-AZƏRTAC-a verdiyi müsahibədə səsləndirdiyi fikirlər Ermənistana və ona havadarlıq edənlərə ciddi mesaj oldu: “44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun hər günü tariximizə Zəfər günü kimi yazmasını, bir gün belə geri çəkilməməsini, 30 ilə yaxın dövrdə havadarlarının dəstəyi ilə qurduqları istehkamların böyük qəhrəmanlıqla yarılmasını həzm edə bilməyən Ermənistan silahlı qüvvələri hərbi cinayət törədərək döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərini bir neçə dəfə beynəlxalq hüquq çərçivəsində qadağan olunmuş silahlardan atəşə tutaraq xeyli sayda dinc insanın həlak olmasına, yaralanmasına, yaşayış evlərinin, sosial obyektlərin dağıdılmasına səbəb olmuşdular. Gəncədə 26 mülki vətəndaş erməni faşizminin qurbanı oldu. Şəhid olanların 6-sı uşaq idi. Bu hərbi cinayətlər dünyanın gözü qarşısında baş verdiyi halda dünya gücləri hələ də gözləmə mövqeyində dayanıblar. Amma unudurlar ki, 30 ilə yaxın dövrdə belə seyrçi mövqedə dayanmaq sonda 44 günlük Vətən müharibəsinin yaşanmasına, Ermənistanın diz çökməsinə, ən əsası ədalətin və beynəlxalq hüququn mövcudluğunun dünya tərəfindən qəbul edilməsinə gətirib çıxardı. Dünya Azərbaycanın hansı gücə malik olduğunu gördü. Qanlı cinayətin törədildiyi vaxtdan həmin məkan insanların ziyarət yeri olub, həmçinin xarici qonaqların həmin əraziyə səfərləri təşkil olunub. Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı həmin ərazidə inşa olunacaq Memorial Kompleksin təməlini qoydu və Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsini məhz həmin dağıntıların qarşısında verməklə dünyaya mesajlarını ünvanladı.”
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Gəncədə yaradılacaq Memorial Kompleks təbliğat işinə böyük töhfə verəcək. Bu kompleks həm ölkə vətəndaşlarımızın, həm də xarici qonaqların ziyarət etdiyi məkan olacaq. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu çağırış dayanır ki, biz Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etsək də mənfur düşmənin törətdiyi vəhşilikləri, vandalizmi, terror aktlarını unutmayacağıq. Ölkə Prezidentinin bu çağırışına söykənərək deyə bilərik ki, Gəncə Memorial Kompleksi gələcək nəsillərin erməni faşizminin qanlı əməlləri barədə əsaslı məlumtları əldə etmələrinə dəstək olacaq. Dövlət başçısı bildirir: “Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq.”
Vüqar Rəhimzadə Azərbaycanın 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etdiyini önə çəkərək bildirib ki, onun bütün təzahürlərini yer üzərindən silmək gücünə malikik. Azərbaycan bunu 44 günlük İkinci Qarabağ müharibəsində dünyaya nümayiş etdirdi. Amma əsas çağırış budur ki, erməni faşizminin tamamilə məhv edilməsi üçün dünya dövlətləri, beynəlxalq ictimaiyyət gərək həmrəy olsun. “Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur” söyləyən dövlət başçısı, eyni zamanda, bu mesajı da ünvanladı ki, biz heç vaxt bölgədə erməni faşizminin baş qaldırmasına imkan verə bilmərik. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir.”
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın tarixi Zəfərimizdən sonra xarici siyasət uğurlarının daha geniş miqyas almasından geniş bəhs edərək bildirib ki, bu günlərdə Rusiyada erməni diasporunun səylərinə baxmayaraq faşist Qaregin Njde haqqında filmin yayımı dayandırıldı. Ölkə Prezidenti bütün çıxışlarında erməni faşizmindən geniş bəhs edərək dünyaya bu mesajı ünvanlayır ki, faşizmi qəhrəmanlaşdırmaq olmaz. Ermənistan bir tərəfdən rəsmən bu fikirlərə qoşulsa da, faktiki olaraq Njde kimi faşistin qəhrəmanlaşdırılması ilə bağlı konkret addımlar atır. Bu günə qədər Ermənistanda faşist Njdenin adını daşıyan küçələr, meydanlar, metro stansiyası var. Ona böyük abidə qoyulub. Bu abidə bu günə qədər sökülməyib. Bu, göstərir ki, erməni faşizmi yaşayır. Hər bir çağırışı ilə ədalətin, beynəlxalq hüququn bərpasına, ikili standartlara əsaslanan siyasətə son qoyulmasına çalışan Azərbaycan bir daha dünyanı erməni faşizminə qarşı mübarizədə birliyə, həmrəyliyə çağırır.