Azərbaycan Avropaya enerji daşıyıcıları tədarükünün artırılması məsələsini müzakirə etməyə hazırdır – Nazir

Azərbaycan Avropaya enerji daşıyıcıları tədarükünün artırılması
məsələsini müzakirə etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat
naziri Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumunda çıxışı
zamanı deyib.

“Azərbaycandan enerji ehtiyatları tədarükünü artırmağı xahiş
edirlər. Biz bazara tədarükü artırmaqdan məmnunuq. Amma son bir
neçə ildə bu sektora investisiyalar qazıntı yanacaqlarla bağlı
maliyyə təşkilatllarının dəyişən siyasəti ilə əlaqədar kifayət
qədər deyil”, – M.Cabbarov deyib.

Nazir qeyd edib ki, Azərbaycan həm də Gürcüstan və Türkiyəyə iri
qaz tədarükçüsüdür, oradan isə mavi yanacaq Yunanıstan,
Bolqarıstan, İtaliya və Albaniyaya nəql olunur. Hazırda Avropaya
qaz tədarükünün artırılması ilə bağlı tərəfdaşlarla işlər
aparılır.

Onun sözlərinə görə, Azərbaycan özünün enerji ehtiyatlarının
birgə mənimsənilməsi siyasətini yürüdür.

M.Cabbarov əlavə edib ki, Azərbaycan məhsul və xidmətlərin
tədarükü, siyasi dialoqda iştirakı, ümumi makroiqtisadi prioritet
və möhkəm maliyyə bazası baxımından sabit tərəfdaş olmağa
çalışır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: