ADNSU-da XII Məzun-Karyera sərgisi keçirilib (FOTO)

Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) XII Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 73 dövlət
qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, Ekologiya
və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət
Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR,
“Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı
Metropoliteni”QSC, “AzerGold”QSC, “Azərcell”, “Azerfloat”QSC və
digərləri iştirak edib. Ümumilikdə ADNSU-nun tələbə və məzunlarına
sərgidə 219 vakant iş yeri və 270 təcrübə yeri təklif olunub.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı sərgi
iştirakçılarını salamlayaraq, universitetdə ənənəvi olaraq
keçirilən Məzun-Karyera Sərgisinin tələbə və məzunların işlə təmin
olunmasında və təcrübə imkanlarının genişlənməsində mühüm rol
oynadığını bildirib. Onun sözlərinə görə, Məzun-Karyera sərgiləri
məzun və işəgtürənlərin qarşılıqlı- faydalı əməkdaşlıq əlaqələri
qura bilməsi üçün əlverişli platformadır. Milli iqtisadiyyat və
sənaye üçün yüksəkixtisaslı kadrların yetişdirilməsinin
universitetin qarşısında prioritet məsələ kimi dayandığını
vurğulayan rektor M.Babanlı sərgidə iştirak edən bütün qurumların
nümayəndələrinə təşəkkürünü bildirib.

Sərginin açılış mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə
Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək, Azərbaycanda
gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. O, qeyd edib ki,
belə sərgilərin təşkili önəmlidir, tələbələr və universitetlərlə
olan işbirliyi həm də əmək bazarına olan tələbləri ehtiva edir.
M.Abbasbəyli əlavə edib ki, hədəf olaraq gənclərin ixtisaslı
mütəxəssis kimi yetişməsi ilə yanaşı, əmək bazarına və ixtisasına
uyğun işlə təmin olunması daim diqqət mərkəzində
saxlanılmalıdır.

Sərgidə ADNSU-nun “Gənclik” Mahnı və Rəqs Ansamblının ifasında
xalq rəqsləri ifa olunub, tələbələr müxtəlif musiqi nömrələri ilə
çıxış ediblər.

Daha sonra ADNSU-nun rektoru, professor M.Babanlı, prorektorlar,
tələbə və məzunlar sərgidə iştirak edən qurumların stendləri ilə
tanış olublar. Şirkət nümayəndələri rektor M.Babanlıya təqdim
etdikləri vakansiyalar və təcrübə proqramları barədə məlumat
veriblər.

Sərgi zamanı universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq
Departamentinin direktoru Bəhruz Nəzərov həmçinin, “career.asoiu.edu.az” saytı haqqında da məlumat verib. O bildirib
ki, tələbələr sərgidə şirkətlər tərəfindən təqdim olunan vakant iş
və ya təcrübə yerləri, iş imkanları barədə saytdan daha ətraflı
məlumat əldə edə bilərlər.

Teqlər: