Erməni Qarabağı soyub talayan kimi, direktorlar da Akademik Milli Dram Teatrını soyub talamaqla məşğuldurlar.
Bu sözləri AXARa geniş müsahibəsində xalq artisti, Prezident təqaüdçüsü, şəhid atası Əli Nur deyib.
“Bu teatrda beşaçılanlar, naqanlar, mauzerlər, xəncərlər, gümüş kəmərlər, antik əşyalar var idi. Onların hamısını direktorlar yığıb apardılar.
“Eşq və intiqam” tamaşasında Əlimərdan bəyi oynayırdım, əlimdə beşaçılan, naqan, belimdə gümüş xəncər səhnəyə çıxırdım. Günlərin bir günü tamaşa oynamalıyam, amma belimə bağlamaq üçün bir xəncər tapa bilmədim. Getdim teatrın direktoru Həsənağa Turabovun yanına, dedim, belimə bağlamağa bir xəncər yoxdur. Dedi, xəncərsiz çıx!
Nurəddin Mehdixanlı “Ədirnənin fəthi” tamaşasında dedi ki, beşaçılan gəlməsə, özümü teatrda yandıracam.
Hələ mən çilçirağın içini söküb aparanları demirəm. Hanı çəkmələr, uzunboğaz ayaqqabılar, general, marşal geyimləri, qılınclar, şamdanlar, yüzlərlə xalça… “Şeyx Xiyabani” tamaşasında rəhmətlik Amaliya Pənahova ilə Fuad Poladovun oynadığı fil sümüyündən hazırlanmış bilyard hanı?” – xalq artisti deyib.
Müsahibənin tam mətni az sonra dərc ediləcək.