AZANS Zəngilan hava limanında yeni uçuşları idarəetmə sistemini tətbiq edir

AZANS uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün
aeronaviqasiya infrastrukturunun bərpası çərçivəsində Azərbaycanın
işğaldan azad edilmiş ərazisində – Zəngilanda inşa olunan
beynəlxalq hava limanında yeni avtomatlaşdırılmış hava hərəkətini
idarəetmə sistemini tətbiq edir.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, qeyd
edilən sistemin uğurlu sınağı aprelin 26-da “Azəraeronaviqasiya”
Hava Hərəkəti İdarəsinin (AZANS) və Almaniyanın ərazisində hava
hərəkətinin idarə olunmasına cavabdeh olan DFS Aviation Services
(DAS) şirkətinin nümayəndələrinin birgə iştirakı ilə baş tutub.
Sistem DAS mütəxəssisləri tərəfindən hazırlanmış müasir
avtomatlaşdırılmış Phoenix sisteminə əsaslanır.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa edilən
yeni beynəlxalq hava limanları bütün müasir təhlükəsizlik
standartlarına cavab verir, yüksək beynəlxalq tələblərə cavab verən
inkişaf etmiş infrastruktura malikdir. Zəngilan hava limanında yeni
avtomatlaşdırılmış sistemin tətbiqi uçuşların təhlükəsizliyinin
yüksəldilməsinə, həmçinin hava məkanının buraxılış qabiliyyətinin
artırılmasına kömək edəcək”, – deyə AZAL prezidenti Cahangir
Əsgərov bildirib.

“Azərbaycanın yeni beynəlxalq hava limanlarında Phoenix
proqram-aparat kompleksinin tətbiqi çərçivəsində AZANS və DFS
Aviation Services arasında əməkdaşlıq uçuşların təhlükəsizlik
səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir”, – deyə
DAS-ın idarəedici direktoru Andreas Pouç qeyd edib.

AZANS-ın bütün texniki və əməliyyat heyəti Almaniya
mütəxəssisləri tərəfindən keçirilən müvafiq təlimlər keçib.

Qeyd etmək lazımdır ki, Phoenix sistemi Azərbaycanın yeni hava
limanlarında dispetçer qüllələrinin istismarı üçün tətbiq edilən
ikinci avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemidir. İlk
sistem Almaniyanın aeronaviqasiya xidməti tərəfindən 2021-ci ilin
avqust ayında Füzulidə beynəlxalq hava limanında tətbiq
edilmişdir.

Zəngilanda 3000 metr uzunluğunda uçuş-enmə zolağı olan
beynəlxalq hava limanı bütün beynəlxalq tələblərə və standartlara
cavab verən ən yeni naviqasiya infrastrukturu ilə təchiz
olunacaqdır.

Zəngilan rayonundakı beynəlxalq hava limanının 2022-ci ildə
istismara verilməsi nəzərdə tutulur.

Teqlər: