AZAL və LOT aviaşirkətləri səmərəli əməkdaşlıqdan məmnun olduqlarını bildirdilər (FOTO)

“AZAL”ın prezidenti Cahangir Əsgərovun dəvəti ilə “LOT”
aviaşirkətinin baş icraçı direktoru və İdarə Heyətinin sədri Rafal
Milçarskinin (Rafal Milczarski) başçılıq etdiyi Polşa nümayəndə
heyəti mayın 26-da Bakıya işgüzar səfərə gəlib.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən AzerTimes-a
bildirilib ki, “Azərbaycan Hava Yolları”nın ofisində keçirilən,
Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovanın da iştirak etdiyi
görüşdə Cahangir Əsgərov və Rafal Milçarski ikitərəfli əməkdaşlığın
perspektivlərini müzakirə ediblər.

Tərəflər hava əlaqəsinin başlanması münasibətilə bir-birini
təbrik edərək, reyslərin davamlı yerinə yetirilməsinə ümid
etdiklərini bildirmişlər. İki ölkə arasında uçuşların başlanması
turizm axınını artırmağa və Azərbaycanla Polşa arasında işgüzar
əlaqələri genişləndirməyə imkan verəcək.

Polşa aviadaşıyıcısı mayın 28-də Varşavadan Heydər Əliyev
Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirəcək. Uçuşlar
həftədə 4 dəfə yerinə yetiriləcək.

“AZAL”ın prezidenti Cahangir Əsgərov ölkənin bütün yeddi
beynəlxalq hava limanında beşinci və yeddinci dərəcəli “hava
azadlığı” rejiminin tətbiq olunduğunu xüsusilə xatırladıb. Bu hava
azadlığı dərəcələri xarici aviadaşıyıcılara Azərbaycan
aviaşirkətləri ilə bərabər hüquqlar təqdim edir və Azərbaycanın
hava limanları vasitəsilə tranzit reyslər yerinə yetirmək imkanı
verir.

“LOT” aviaşirkətinin rəhbəri Rafal Milçarski Azərbaycan və Polşa
arasında reyslərin yerinə yetirilməsinə böyük maraq göstərdiyini
qeyd edib. Onun sözlərinə görə, müntəzəm reyslərin yerinə
yetirilməsi hər iki ölkənin qarşılıqlı faydalı maraqlarının
inkişafına təkan verəcək.

Görüşün sonunda qonaqlara beşulduzlu Heydər Əliyev Beynəlxalq
Aeroportunun imkanları, xüsusilə, təyyarələrə göstərilən yerüstü
xidmət, müxtəlif xidmətlərinin fəaliyyəti və aerovağzal
kompleksində sərnişinlər üçün yaradılmış rahat şərait nümayiş
etdirilib.

Teqlər: