AZAL prezidenti İordaniya səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

4 aprel 2022-ci il, Bakı – 4 aprel tarixində AZAL prezidenti
Cahangir Əsgərov İordaniyanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Sami Asem Qoşeh ilə görüşüb.

“Azərbaycan Hava Yolları”-nın mətbuat xidmətindən AzerTimes-a
bildirilib ki, görüşdə Azərbaycan ilə İordaniya arasında mülki
aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın gündəliyinə dair fikir
mübadiləsi aparılıb, tərəflər həmçinin COVID-19 pandemiyası ilə
mübarizədə həyata keçirilən tədbirlərin yüksək səmərəliliyini qeyd
ediblər.

Görüş zamanı tərəflər iki ölkə arasında hava əlaqəsinin
başlanması imkanlarını müzakirə ediblər.

Cahangir Əsgərov qeyd edib ki, Bakı ilə Amman arasında uçuşların
yerinə yetirilməsinə 2020-ci ilin may ayının sonunda başlanılmalı
idi və bu barədə müvafiq razılıq 2019-cu ilin dekabr ayında əldə
edilmişdir. Lakin COVID-19 pandemiyasının yayılması bu planların
həyata keçirilməsinə mane olmuşdur.

Onun sözlərinə görə, birbaşa reyslərin açılması ölkələr arasında
dostluq əlaqələrini gücləndirməklə yanaşı, Azərbaycan və İordaniya
sahibkarları üçün bütün sahələrdə, o cümlədən ticarət və turizm
sahəsində yeni imkanlar yaradacaq.

İordaniya səfiri Sami Asem Qoşeh yeni reysin hər iki ölkə
vətəndaşları üçün böyük maraq doğuracağına və ölkələr arasında
mehriban qonşuluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət
edəcəyinə əminliyini ifadə edib.

Teqlər: