AZAL aviaşirkəti IOSA təhlükəsizlik auditini yenidən uğurla keçib

“Azərbaycan Hava Yolları” aviaşirkəti növbəti dəfə Beynəlxalq
Hava Nəqliyyatı Assosiasiyasının (IATA) IOSA (IATA Operational
Safety Audit) standartına uyğunluğu üzrə audit yoxlaması
prosedurunu uğurla keçib.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,IOSA –
istismar təhlükəsizliyinin auditi – Azərbaycanın milli
aviadaşıyıcısının (AZAL) mülki aviasiyada ciddi beynəlxalq
təhlükəsizlik tələblərinə cavab verən etibarlı aviaşirkət kimi
qəbul edilməsi üçün mühüm amildir.

“IATA-nın auditini növbəti dəfə uğurla keçən “Azərbaycan Hava
Yolları” aviaşirkəti iş təcrübəsinin və keyfiyyətinin yüksək
səviyyədə olduğunu bir daha təsdiqləyib. Bu yoxlama göstərdi ki,
AZAL-da təhlükəsizlik məsələsi həmişə ən prioritet vəzifələr
sırasında olub və qalmaqdadır. Aviaşirkətin daxili və beynəlxalq
reyslərində uçuşların təhlükəsizliyi standartları bütün beynəlxalq
tələblərə cavab verir”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov
bildirib.

“Azərbaycan Hava Yolları” aviaşirkəti 1993-cü ildən IATA-nın
üzvüdür.

IOSA (IATA-nın İstismar təhlükəsizliyinin auditi proqramı) – bir
neçə bölmə üzrə strukturlaşdırılan bir neçə yüz mütləq standart və
tövsiyə olunan prosedurlardır. Aviaşirkət audit zamanı bu
standartlara və tövsiyə olunan prosedurlara cavab verdiyini təsdiq
etməlidir. Təhlükəsizliyin təhlili təkcə aviaşirkətin istehsal
fəaliyyətinin deyil, həm də onun təşkilati strukturunun
qiymətləndirilməsini nəzərdə tutur. İnsan amilinin təsiri
nəticəsində risklərin minimallaşdırılması sistemi və düzəlişlərin
vaxtında təmin edilməsinə imkan verən əks əlaqə sistemi nəzərdə
tutulub. Aviaşirkətin hər bir əməkdaşının hərəkətləri ən xırda
təfərrüatına kimi qeyd edilib ki, bu da uçuşların təhlükəsizliyinin
təmin edilməsi texnologiyası haqqında danışmağa imkan verir.

Teqlər: