Azad olunmuş Fərrux kəndində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü anılıb (FOTO)

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik,
birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində 31
Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım
tədbirləri keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, anım mərasimlərində əvvəlcə soyqırımı
qurbanlarının, eləcə də ümummilli lider Heydər Əliyevin və
torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələri
bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Azad olunmuş Xocalı rayonunun Fərrux kəndində və respublikamızın
digər bölgələrində keçirilən tədbirlərdə çıxış edənlər ulu öndər
Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il mart
ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət
səviyyəsində qeyd olunmasının əhəmiyyətini xüsusi vurğulayıblar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun
ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımıların
dəhşətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi
məqsədyönlü tədbirlər qeyd olunub.

Anım tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və
Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət
Mərkəzinin, rayon incəsənət nümayəndələrinin və məktəblilərin
hazırladığı ədəbi-bədii kompozisiyalar, fotosərgilər, videoçarxlar
nümayiş etdirilib.

Hərbi qulluqçular tərəfindən soyqırımı qurbanlarının abidələri
ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair
mühazirələr oxunub.

Teqlər: