Azad edilmiş ərazilərində “yaşıl enerji” potensialı Aİ-Azərbaycan enerji dialoqu çərçivəsində yeni əməkdaşlıq istiqamətinə çevrilə bilər – Səfir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan
enerji potensialı Aİ-Azərbaycan enerji dialoqu çərçivəsində yeni
əməkdaşlıq istiqamətinə çevrilə bilər.

Trend-in
məlumatına görə, bunu Azərbaycanın Macarıstandakı səfiri Tahir
Tağızadə “Daily News Hungary” nəşrinə müsahibəsində deyib.

Səfir qeyd edib ki, Azərbaycan-Macarıstan birgə komissiyasının
son iclasında Macarıstanın xarici işlər və ticarət naziri Peter
Siyarto 2023-cü ilin sonundan etibarən Azərbaycan təbii qazının
Cənubi Avropa vasitəsilə idxalı məsələsi ilə aparılan danışıqları
vurğulayıb.

“Ukraynadakı vəziyyət Aİ-nin alternativ enerji tədarükü
mənbələrinə və tədarük marşrutlarına ehtiyacının artmasına səbəb
olub. Qeyd etmək lazımdır ki, Azərbaycan öz neft və qaz
ehtiyatlarının ixracını siyasi alət hesab etmir, bu, daha çox
kommersiya məsələsidir. Vacib məqam ondan ibarətdir ki, Avropa
ölkələri təkcə yeni neft və qaz mənbələri axtarmır, eyni zamanda,
bərpa olunan enerji mənbələrinə investisiya qoyurlar. Macarıstan
nüvə enerjisinə investisiya qoymaqla təbii qazdan asılılığını
azaltmağı düşünür”, – deyə T.Tağızadə bildirib.

Səfirin sözlərinə görə, ona görə də Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində bərpa olunan enerji mənbələri potensialı
Aİ-Azərbaycan enerji dialoqu çərçivəsində, eləcə də Macarıstan və
Azərbaycan arasında yeni əməkdaşlıq istiqamətinə çevrilə bilər.

“Eyni zamanda, Xəzər “REPowerEU” proqramının həyata
keçirilməsində və təbii qaz tədarükünün gələcək şaxələndirilməsində
mühüm rol oynaya bilər”, – səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)