Azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan
Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad
edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nəqliyyat
vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək
məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və
bölmələri tərəfindən yollar minalardan təmizlənir, abadlaşdırılır,
döyüş mövqelərinin və səngərlərin möhkəmləndirilməsi işləri həyata
keçirilir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən
bölmələrimizə yeni təminat yolları çəkilir.

Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin
fəaliyyəti nəticəsində may ayının 1-dən 19-dək olan müddət ərzində
950 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından
tam təmizlənib.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam
bölmələri tərəfindən 17200 hektardan artıq ərazi mina və
partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 6000
ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və
9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv
edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə
yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur
obyektlərinə yönəldilib. Dağlıq və çətin keçilən ərazilərdə
yerləşən bölmələrimizin mövqelərinə ümumilikdə 140 km-dən artıq
yeni təminat yolu çəkilib.

Azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş
sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis
təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

Teqlər: