Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı
vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq müxtəlif
əşyalar toplayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən
məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Hünərli
kəndində xidmətdə olan zaman Füzuli rayon sakini Vəzir İbrahimovun
idarəsində olan “VAZ-2106” markalı avtomobili nəzarət qaydasına
uyğun saxlayıblar. Avtomobilə baxış keçirilən zaman həmin
ərazilərdən topladığı naqil və digər əşyalar aşkar edilib.
Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxs barəsində protokol
tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Qərara
əsasən o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.