Azad edilmiş ərazilərdə bu günədək 15000 hektardan artıq ərazi minalardan təmizlənib – MN (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan
Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad
edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının
hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz
hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar
örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə
yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları
çəkilir.

Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin
fəaliyyəti nəticəsində aprel ayının 1-dən 15-dək olan müddət
ərzində 492 hektar ərazi mina və partlamamış döyüş sursatlarından
tam təmizlənib.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam
bölmələri tərəfindən 15000 hektardan artıq ərazi minalardan
təmizlənib. Ümumilikdə 6095 ədəd piyada əleyhinə, 2172 ədəd tank
əleyhinə və 9368 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv
edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə
yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur
obyektlərinə yönəldilib.

Azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş
sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis
təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

Teqlər: