Azad edilmiş ərazilərdə artilleriyaçılarımızın bir günü (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən azad edilmiş
ərazilərimizdə bütün sahələrdə bərpa-quruculuq və tikinti işləri
davam edir. Burada dislokasiya olunmuş bölmələrin xidməti-döyüş
fəaliyyətinin təşkili, hərtərəfli təminatı və sosial-məişət
şəraitinin yaxşılaşdırılması ilə bağlı qarşıda duran tapşırıqlar
planlı şəkildə icra olunur.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, çətin relyefli və sərt iqlim şəraitli
ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin
döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma
vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi
infrastruktur obyekləri inşa edilir, eləcə də digər zəruri
tədbirlər həyata keçirilir.

Yeni yaradılmış mövqelərdə, yerləşmə məntəqələrində və hərbi
şəhərciklərdə döyüş növbətçiliyi aparan şəxsi heyətin rahat xidmət
aparmasını təmin etmək üçün yataq ləvazimatları, müasir mebellər,
mətbəx avadanlıqları, ehtiyat qida və əmlakın saxlanması üçün
anbarlar, rahat yataqxanalar, xidməti otaqlar, sanitar qovşaqlar,
həmçinin tibb məntəqələri və digər obyektlər mövcuddur. Bütün
şəhərciklər və modul tipli yerləşmə məntəqələri mərkəzləşdirilmiş
istilik sistemi, işıq, su və dayanıqlı rabitə, həmçinin fasiləsiz
elektrik enerjinin təminatı üçün generatorlarla təchiz olunub.

Hərbi qulluqçularımızın mövsümə uyğun geyimlə, təzə və yüksək
kalorili isti qida ilə fasiləsiz təmin olunması, eləcə də
sosial-məişət şəraiti və qoşun xidmətinin yüksək səviyyədə təşkil
edilməsi istiqamətində tədbirlər plana uyğun olaraq həyata
keçirilir.
Azad edilmiş ərazilərimizdə il ərzində hərbi qulluqçuların
normalara əsasən ərzaq, əşya-əmlak və geyimlə təmin edilməsi maddi
texniki təminat xidməti tərəfindən daima nəzarətdə saxlanılır.

Müdafiə Nazirliyinin müvafiq qurumlarının vəzifəli şəxsləri
daima hərbi hissələrdə olur, şəxsi heyətin qayğı və müraciətləri
ilə maraqlanır, qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər
görürlər.

Günün nizam qaydalarına uyğun döyüş növbətçiliyi və qoşun
xidməti təşkil edilir, döyüş hazırlığının yüksək səviyyədə
saxlanması üçün bölmələrin şəxsi heyəti ilə gündəlik döyüş
hazırlığı məşğələləri, ictimai-siyasi və hüquq hazırlığı üzrə
dərslər keçirilir.
Məşğələlərdə şəxsi heyət tərəfindən silahların taktiki-texniki
xüsusiyyətləri mənimsənilir və onların döyüşdə səmərəli tətbiqi
üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə məşqlər
icra olunur.

Yüksək əhval-ruhiyyədə Vətənin keşiyində dayanan Azərbaycan
Ordusunun şəxsi heyəti torpaqlarımızın müdafiəsi naminə Ali Baş
Komandanın hər bir əmrinə daim hazırdır.

Teqlər: