Azad edilən ərazilərə keçməyə cəhd göstərən 5 nəfər həbs olunub

Xəbər - Samir Əli – Trend:

Azad edilən ərazilərə keçməyə cəhd göstərən 5 nəfər həbs olunub.

Bu barədə AzerTimes-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuiat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin qanunsuz keçməsi onların həyat və sağlamlıqları üçün təhlükəlidir. Lakin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bu qaydalara əməl etməyən şəxslərə rast gəlinir.

“Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin ərazilərə icazəsiz daxil olan şəxslər müəyyən olunub.

Rayon ərazisindəki nəzarət postlarından yayınaraq, qanunsuz yollarla insan həyatı üçün təhlükəli ərazidə 1 yük və 1 minik avtomobili müəyyən olunaraq dayandırılıb. Təhlükəsizlik qaydaları çərçivəsində həmin avtomobillər ərazidən çıxarılıb.


Öz həyatlarını təhlükəyə ataraq, minalardan tam təmizlənməmiş ərazidə müəyyən olunan qayda və tələblərə etinasız yanaşan 6 nəfər – “QAZel” markalı avtomobilin sürücüsü, Ağcabədi rayon sakini Raci Məmmədov, “VAZ-21011” markalı avtomobilin sürücüsü Mahir Məmmədov və sərnişinləri – Elməddin Novruzov, Mütəllim Mirzalıyev, İntiqam Vəliyev və Nazim Məmmədov saxlanılıblar”, – deyə polis mayoru bildirib.

E.Hacıyev qeyd edib ki, həmin şəxslərin barəsində başlanan inzibati icraata uyğun olaraq toplanan materiallar rayon məhkəməsinə göndərilib: “Məhkəmənin qərarı ilə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 25 sutka inzibati həbs cəzası verilib, N.Nəmmədovun sağlamlıq vəziyyəti nəzərə alınaraq 200 manat miqdarında cərimə edilib.

“Bir daha vətəndaşlarımızı həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq”, -E.Hacıyev əlavə edib.

Teqlər: