Ayrı-ayrı fənlərin tədrisi köhnəlmiş sistemdir – Nazir

Xəbər - Humay Ağacanova – AzerTimes:

Ayrı-ayrı fənlərin tədrisi müəyyən mənada köhnəlmiş sistemdir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika forumunda çıxışı zamanı təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, ümumi təhsilin əsas məqsədi hər bir vətəndaşın önəmli bildiyi dəyərlərin aşılanmasına xidmət etməlidir: “Bunlara nümunə olaraq Vətən, torpaq anlayışlarının aşılanmasını göstərə bilərik. İstər dərs yükü, istərsə məzmunun mahiyyəti özündə elmi tədqiqatları ehtiva edən məsələdir.

Ayrı-ayrı fənlərin tədrisi müəyyən mənada köhnəlmiş sistemdir. Layihə əsasında öyrənməyə keçməliyik. Müxtəlif layihələr çərçivəsində məqsədlərə çatmaq uşaqlara təqdim edə biləcəyimiz əsas məsələdir”, – nazir deyib.


E.Əmrullayev əlavə edib ki, dərs yükünün azaldılması məsələsi gələcəyə hesablanmalıdır.

Qeyd edək ki, Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilir.

Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin Komitə tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edir.

Teqlər: