2021-ci ildə Azərbaycanda stasionar mənbələrdən və
avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin
həcmi 2020-ci illə müqayisədə 39,5 min ton çoxalaraq ümumilikdə
880,2 min ton təşkil edib ki, onun da 82,2 faizi və ya 723,5 min
tonu avtomobillərdən atılan tullantıların payına düşüb.
Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, avtomobillərdən atılmış
zərərli maddələrin həcmi 4,2 faiz, stasionar mənbələrdən atılmış
maddələrin həcmi isə 6,8 faiz artıb. Stasionar mənbələrdən atılan
zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı
şəhərində 6,3 min ton, Mingəçevir şəhərində 1,6 min ton, Sumqayıt
şəhərində isə 0,7 min ton artıb.
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə
yaranan zərərli maddələrin 65,7 faizi təmizləyici qurğular
vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli
maddələrin miqdarının azaldılması üçün sənayə müəssisələrində
texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici
qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə
il ərzində 121,1 min ton zərərli maddələrin atılmasının qarşısı
alınıb.
Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 58.5
faizini karbon oksidi, 25.6 faizini karbohidrogenlər, 12,0 faizini
azot oksidi, 0,3 faizini kükürd anhidridi, qalan hissəsini isə
digər çirkləndirici maddələr təşkil edib.