Avtobuslarla bağlı məlumatlar “Quql Məps”də

Avtobuslarla bağlı məlumatlar “Quql Məps”də

Bakı şəhərində müntəzəm marşrut xətləri barədə məlumatları “Quql Məps” platformasından əldə etmək mümkündür.

Bu barədə AzerTimes-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Xatırladaq ki, qurum sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi, eləcə də məlumatlandırma imkanlarının daha da genişləndirilməsi məqsədilə ötən dövrdə “Alo 141” çoxfunksiyalı internet portalını istifadəyə verib. Burada istifadəçilərə səyahəti əvvəlcədən planlaşdırmağa imkan verən müntəzəm marşrut xətləri barədə məlumatlar təqdim edilir.

Artıq bu məlumatları “Qulq Məps” platformasından da əldə etmək mümkündür. Agentliyin Vahid Dispetçer Xidməti paytaxt ərazisində mövcud marşrut şəbəkəsi, avtobusların hərəkət sxemi, dayanacaq məntəqələri, başlanğıc və son məntəqələri barədə zəruri məlumatları emal edərək “Qulq Məps”in nəqliyyat komandasına təqdim edib. Əgər əvvəllər “Qulq Məps” bu məlumatları həvəskar qruplardan əldə edirdisə, hazırda proses peşəkar səviyyədə icra edilir. Xəritə üzrə məlumatlar marşrut xətlərində ediləcək dəyişikliklərə uyğun olaraq mütəmadi olaraq yenilənəcək.

Məlumatlandırmanın əhəmiyyətini nəzərə alaraq sərnişinlərimizə daha keyfiyyətli müasir səviyyədə xidmət təqdim etmək üçün əlavə təkmilləşdirmə işləri görülür.

Teqlər: