Avstriya Milli Şurası ölkənin sabiq kansleri və Avstriya Xalq Partiyasının lideri Sebastyan Kurtsun deputat toxunulmazlığından məhrum edilməsi barədə qərarı təsdiqləyib.
AzerTimes-ın məlumatına görə, qərar yekdilliklə qəbul edilib.
Məlumata əsasən, noyabrın 16-da parlamentin xüsusi komitəsi S.Kurtsun toxunulmazlığını ləğv etmək üçün “yaşıl işıq” vermişdi. Deputatlar bu qərarı texniki cəhətdən təsdiq etməli idilər.
S.Kurtsun özü bu addımı alqışlayıb və özünü qanunsuz fəaliyyətlərdə günahkar hesab etmədiyini açıqlayıb. Eks-kanslerin sözlərinə görə, onun günahsız olduğu artıq müstəqil hüquqi ekspertiza tərəfindən təsdiqlənib. O, haqlı olduğunu sübut edəcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, oktyabr ayında antikorrupsiya prokurorluğu S.Kurtsun deputat toxunulmazlığının ləğvi məqsədi ilə Avstriya Milli Şurasına (parlamentin aşağı palatası) sorğu göndərmişdi.