Avroviziya-2024: İfaçının seçiminə başlanılır…

Avroviziya-2024: İfaçının seçiminə başlanılır…

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İsveçin Malmö şəhərində keçiriləcək Avroviziya-2024 mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır.

AzerTimes xəbər verir ki, bu barədə İTV-dən məlumat verilib.

Seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 30-na qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciətin qəbul olunması üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:

– Göndərilən mahnılar MP3 192 kbps formatında və aranjiman edilmiş olmalıdır;

– iştirakçının qısa tərcümeyi-halı, fotoşəkli və mahnının müəllifləri haqqında məlumat təqdim edilməlidir;

– Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır;

– mahnı 2023-cü il sentyabrın 1-dək kommersiya məqsədilə hər hansı ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə), həmçinin, musiqi platformalarında yerləşdirilməməlidir.

Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq.

Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, Avroviziya-2024 mahnı müsabiqəsi 7, 9 və 11 may tarixlərində keçiriləcək.

Teqlər: