Avropa Xəbər Agentlikləri Alyansının “Xəbər sahəsində müxtəliflik və gender” mövzusunda payız konfransı keçirilib (FOTO)

Oktyabrın 7-də Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Avstriyanın paytaxtı Vyanada payız konfransı keçirilib.

Trend xəbər verir ki, konfrans xəbər agentliklərində müxtəliflik və gender məsələlərinə həsr edilib. Tədbirdə AZƏRTAC da daxil olmaqla, EANA-ya üzv olan “Reuters”, “Press Association” (Böyük Britaniya), “France Press” (Fransa), TASS (Rusiya), Anadolu (Türkiyə), EFE (İspaniya), BTA (Bolqarıstan), APA (Avstriya), DPA (Almaniya) və digər agentliklərin nümayəndələri iştirak ediblər.

Konfransın təşkilatçısı olan APA agentliyinin rəhbəri Klemens Piq, EANA-nın və Almaniyanın DPA agentliyinin prezidenti Piter Kropş açılış zamanı qeyd ediblər ki, müxtəliflik, gender bərabərliyi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da önəmli məsələlərdən biridir. Onların fikrincə, müxtəliflik prinsipindən düzgün istifadə media qurumlarının fəaliyyətinə müsbət təsir göstərə bilər.

“Human Kapital” konsaltinq şirkətinin meneceri Eva-Maria Burger bildirib ki, kadrların işə qəbulunda müxtəliflik amili bir sıra sosial prinsiplər nəzərə alındıqda səmərəli olur. O deyib ki, internet əsrinin irsi olan Z nəslinin özünəməxsus davranış qaydaları və düşüncə tərzi var. Buna görə də daha əvvəlki nəslin nümayəndələri olan menecerlər onlarla işləmək və onların potensialından düzgün istifadə etməyi bacarmalıdırlar.


Panel müzakirələrdə xəbər agentliklərinin qadın rəhbərləri menecerlik təcrübələrini bölüşüblər, rastlaşdıqları stereotiplərdən danışıblar. Müxtəlif agentliklərdə qadınların tutduğu mövqelər barədə nümunələr göstərilib.

Konfransda, həmçinin APA agentliyinin fəaliyyəti ilə bağlı təqdimat keçirilib.

Teqlər: