Avropa Şurası Azərbaycan üçün 10 milyon avroluq yeni Fəaliyyət Planı təqdim edəcək

Avropa Şurasının baş katibi Marija Peyçinoviç Buriç aprelin 5-də
Bakıda Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə
yeni Fəaliyyət Planını təqdim edəcək.

Trend-in
məlumatına görə, tədbirdə həmçinin Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin və Avropa Şurasının Bakıdakı ofisinin yüksək
səviyyəli nümayəndələri, benefisiar təşkilatlar və beynəlxalq
birliyin üzvləri iştirak edəcəklər.

Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı Nazirlər
Komitəsi tərəfindən 16 fevral 2022-ci ildə qəbul edilib. O, insan
hüquqları, qanunun aliliyi və demokratiya sahələrində Azərbaycan
qanunvericiliyini, institutlarını və təcrübəsini Avropa Şurasının
standartlarına daha da uyğunlaşdırmaq məqsədi daşıyan strateji
proqramlaşdırma alətidir. Fəaliyyət Planı ölkənin Avropa Şurasına
üzv dövlət kimi öz öhdəliklərinə əməl etmək səylərini dəstəkləmək
məqsədi daşıyır; qanunvericiliyin Avropa və beynəlxalq standartlara
uyğunlaşdırılmasına, institusional potensialın artırılmasına,
qabaqcıl təcrübələrin tətbiqinə və nəhayət, Azərbaycan
vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Fəaliyyət Planı Avropa Şurasının qanuni orqanlarının və
monitorinq orqanlarının əvvəlki qərar və tövsiyələrini, habelə
milli islahat gündəliyini nəzərə alır.

Bu Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avro təşkil
edir.

Teqlər: