Avropa Məhkəməsi öz qərarına hörmətlə yanaşmalı, Ermənistanı bu qərarın icrasına məcbur etməlidir – Zərərçəkmiş

Xəbər - Elçin Mehdiyev – Trend:

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarına hörmətlə yanaşmalı və 2015-ci il iyunun 16-da qəbul etdiyi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarın yerinə yetirilməsini təmin etməldir. Artıq 6 ildir ki, Ermənistan beynəlxalq qanunu pozaraq bu qərarı icra etməkdən imtina edir.

Bunu AzerTimes-a Avropa Məhkəməsinin qərarında zərərçəkmiş kimi tanınan Akif Həsənov deyib.

A.Həsənov bildirib ki, bu qərarla Ermənistanın bizim hüquqlarımızı pozması, işğalçı ölkə olması təsbit olunub, Ermənistanın bizə təzminat ödəməli olduğu qeyd olunub:

“Bu cərimə məbləği cəmi 5 min avrodur, bu sadəcə simvolik bir rəqəmdir. Ermənistanın bizə vurduğu maddi və mənəvi zərərin dəyəri pulla ölçülə bilməz. Erməni işğalı nəticəsində bizim doğma yurdumuzdan uzaq düşdüyümüz illərimizi, çəkdiyimiz iztirabları pulla qaytarmaq olmaz, lakin biz beynəlxalq məhkəmədə Ermənisanın işğalçı olduğunu sübut etdik. Bu qərar köçkünlərin işğal olunmuş ərazilərdəki mülkiyyət hüququnun pozulmasını tanıyan, işğal faktını təsdiq edən ilk və hələ ki, yeganə sənədidir”.

A.Həsənov vurğulayıb ki, Avropa Məhkəməsi öz qərarına hörmətlə yanaşmalıdır: “Bu qərarın icrasına cavabdeh olan Avropa Şurası Nazirlər Komitəsi bunu çoxdan yerinə yetirməli idi, lakin 6 ildir ki, qərar icra olunmamış qalır, ancaq biz bu işi bu cür buraxmayacağıq, öz haqqımızı axıra qədər tələb edəcəyik”.

Teqlər: