Avropa İttifaqının hesabatında KOBİA ilk beşlikdə (FOTO)

Mayın 17-də Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib.
Tədbirdə hər iki tərəfdən rəsmi şəxslər, beynəlxalq təşkilatların
nümayəndələri və sahibkarlar iştirak ediblər.

Biznes forum çərçivəsində Avropa İttifaqı tərəfindən hazırlanmış
“Azərbaycanda biznes mühiti – 2021” hesabatı da təqdim edilib.
Avropa şirkətlərinin davam edən yerli islahatlara və qurumların
fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi (KOBİA) öz mövqeyini əhəmiyyətli
dərəcədə yaxşılaşdıraraq ilk beşlikdə yer alıb (6,04 bal).
Hesabatda xarici investorlar KOBİA tərəfindən KOB-ların
dəstəklənməsi məqsədilə tətbiq olunan dəstək və xidmətləri səmərəli
və faydalı hesab edib. Həmçinin hesabatda KOBİA-nın nəzdində
fəaliyyət göstərən KOB evləri, KOB inkişafı mərkəzləri, KOB dostu
şəbəkəsi və digər xidmətlərin səmərəli fəaliyyəti qeyd olunur.

Forum çərçivəsində təşkil olunmuş “Maliyyə və digər resurslara
çıxış” mövzusunda panel iclasda çıxış edən KOBİA-nın İdarə
Heyətinin sədri Orxan Məmmədov KOB-ların maliyyə resurslarına
çıxışına dair fikirlərini bölüşüb. Qeyd olunub ki, KOB-ların
maliyyələşdirilməsini asanlaşdırmaq üçün qlobal, regional və milli
səviyyədə səylər göstərilir. Bu sahədə KOB-ların maliyyə
savadlılığının artırılması, mövcud fondlara çıxışın
asanlaşdırılması, öz maliyyə alətləri çərçivəsində, eyni zamanda
Agentliyin 20-dən çox KOB inkişaf mərkəzi vasitəsilə maliyyə
məsələləri üzrə ödənişsiz təlim və məsləhət xidmətləri göstərilir.
KOBİA tərəfindən KOB-lara qrant verilir, daxili bazar araşdırmasına
çəkilən xərcin bir hissəsi dövlət tərəfindən maliyyələşdirilir,
KOB-ları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə
mənfəət və gəlir vergisindən 3 il müddətində azad edən “Startap”
şəhadətnaməsi verilir. Agentliyin nəzdində fəaliyyət göstərən
Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi də KOB-ların
müxtəlif layihələrə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlər
həyata keçirir. Eyni zamanda hazırda KOB İnkişafı Fondunun
yaradılması üzrə işlərin aparıldığını qeyd edən Orxan Məmmədov
sözügedən Fond tərəfindən KOB-lara qrantlar və texniki yardımın
təklif ediləcəyini vurğulayıb.

Teqlər: