Avropa İttifaqı minaların təmizlənməsi prosesinə yardımı artıra bilər (FOTO)

Xəbər - Humay Ağacanova – Trend:

21 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası xarici
işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi
Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş
tutub.

Xarici İşlər Nazirliyindən
Trend
-ə verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov
bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycanın
üçtərəfli bəyanatların icrası ilə bağlı gördüyü işlər barədə
məlumat verib. Nazir, bölgədə sülh quruculuğu səylərinin
dəstəlklənməsində Aİ-nin fəal rolunu, xüsusilə də Aİ Şurasının
Prezidentinin təşəbbüsü ilə keçirilən yüksək səviyyəli görüşləri
qeyd edib. O, bu görüşlərdə əldə edilən razılaşmalardan bəhs
edərək, Ermənistan tərəfindən verilən vədlərin yerinə
yetirilməsinin vacibliyini, o cümlədən hələ birinci Qarabağ
müharibəsindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə
məlumatın Ermənistan tərəfindən təqdim edilməsini vurğulayıb.

Ceyhun Bayramov, Aİ-nin ölkəmizin azad olunmuş ərazilərinin
minalardan təmizlənməsi prosesini, habelə digər bərpa quruculuq
işlərini dəstəkləməsinin tərəfimizdən yüksək qiymətləndirildiyini
bildirib.

Xüsusi nümayəndə Toivo Klaar Azərbaycan Respublikası Prezidenti
ilə keçirilən görüşə istinad edib. O, Aİ-nin bölgədə sülh,
təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə
hazır olduğunu vurğulayıb. O, səfəri çərçivəsində ANAMA ilə görüşün
nəzərdə tutulduğunu və minaların təmizlənməsi prosesinə yardımın
artırılması imkanlarının nəzərdən keçirildiyini qeyd edib.

Tərəflər, həmçinin Aİ və Azərbaycan arasında yeni hərtərəfli
saziş üzrə danışıqların yekunlaşdırılmasına dair fikir mübadiləsi
aparıb və bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.

Teqlər: