Avropa çempionu olmuş güləşçiyə vaxtından əvvəl kapitan rütbəsi verilib (FOTO)

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş
Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Macarıstanda
keçirilmiş güləş üzrə Avropa çempionatında qızıl medal qazanan
Mərkəzi Ordu İdman Klubunun təmsilçisi, dünya və üçqat Avropa
çempionu Rafiq Hüseynovla görüşüb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, general-polkovnik K.Vəliyev Müdafiə
Nazirliyinin rəhbərliyi adından idmançımızı qələbə münasibətilə
təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Baş Qərargah rəisi dünyanın aparıcı idman ölkələri sırasında
respublikamızın xüsusi yerinin olmasını qeyd edərək bütün
istiqamətlərdə olduğu kimi, idman sahəsində də yüksək
nailiyyətlərin əldə edilməsinin və qazanılan uğurların məhz
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin diqqət və qayğısının göstəricisi
olduğunu xüsusi vurğulayıb.

Görüşün sonunda general-polkovnik K.Vəliyev baş leytenant Rafiq
Hüseynova vaxtından əvvəl növbəti hərbi rütbənin verilməsi barədə
Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrini çatdıraraq
güləşçimizi təbrik edib, ona “kapitan” poqonlarını və qiymətli
hədiyyə təqdim edib.

Teqlər: