Autizmli uşaqların yaradıcı potensialının dəstəklənməsi məqsədilə tədbir keçirilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzində autizmlə bağlı məlumatlandırma,
autizmli uşaqların yaradıcı potensialının dəstəklənməsi və
cəmiyyətə tanıdılması, inteqrasiya imkanlarının artırılması
məqsədilə “Fərqliliyə qucaq aç!” adlı tədbir keçirilib.

AzerTimes-ın məlumatına görə, tədbirdə hökumət üzvləri, Ombudsman,
dövlət təşkilatlarının rəhbər şəxsləri, millət vəkilləri və
QHT-lər, tanınmış incəsənət xadimləri, autizm sindromlu uşaqların
iştirak etdiyi tədbirin ilk hissəsində yeni yaradılan inklüziv
simli kvartetin ifasında klassik musiqilər səsləndirilib. Autizmli
uşaqların DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində
hazırladıqları rəsm əsərlərindən və keramika məhsullarından ibarət
sərgi-satışı təşkil edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə
əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların, o
cümlədən autizmli uşaqların sosial müdafiəsi və cəmiyyətə
inteqrasiyasına nail olunması üçün aparılan fəal dövlət
siyasətindən bəhs edib. Nazir Prezident İlham Əliyev, Birinci xanım
Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə ötən ilin
oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq
Mərkəzinin Cənubi Qafqazda kifayət qədər çoxşaxəli fəaliyyətə malik
ilk ən böyük inklüziv məkan olduğunu vurğulayıb. Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın autizmli uşaqlara
qayğının artırılmasına xidmət edən humanist təşəbbüs və
layihələrini diqqətə çatdırıb.

Həssas qrupların sosial təminatından bəhs edən S.Babayev
bildirib ki, xüsusən son 4 ildə autizmli uşaqlar daxil olmaqla
sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial ödənişlərdə 3,4
dəfə artım edilib, onlara qulluq edən şəxslər üçün təqaüd təsis
edilib, məbləği də artırılıb.

Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı
təmir olunaraq yenidən qurulub. Ötən il Qəbələdə yeni Uşaq
Reabilitasiya Mərkəzi istifadəyə verilib, bu il Şəmkirdə də belə
bir mərkəz açılmaqla, həmin mərkəzlərin sayı 4-ə çatacaq. Növbəti
illərdə digər rayonlarda uşaq reabilitasiya mərkəzləri, Xəzər
dənizi sahilində sanator-kurort tipli bərpa mərkəzləri
açılacaq.

S.Babayev sağlamlıq imkanları məhdud, o cümlədən autizmli
uşaqlarla bağlı reabilitasiya yönümlü sosial xidmət layihələrini
qeyd edib. Bu il də belə layihələrin daha da genişlənərək 150-dən
çox olacağını, sosial və reabilitasiya xidmətlərinin autizm, daun
sindromlu və digər xüsusi inkişaf özəllikləri olan insanları da
əhatə etdiyini bildirib.
Nazir yeni innovativ layihələri (“Övladını tanı” mobil tətbiqi,
valideynlər üçün “Autizm dərs” mobil proqramı və s.), autizmli
uşaqlara göstərilən səyyar sosial reabilitasiya xidmətlərini, bu il
sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyaya cəlb
olunması üçün daha 2 mərkəzin açılacağını, himayədar ailə modelinin
tətbiqinə hazırlıq işlərini də diqqətə çatdırıb.

Bu günkü tədbirin mühüm önəm kəsb etdiyini deyən S.Babayev
autizm sindromlu şəxslərə diqqət və qayğını artırmaq, cəmiyyətə
inteqrasiya imkanlarının genişlənməsinə nail olmaq üçün belə
tədbirlərin ardıcıl və getdikcə daha əhatəli xarakter almasının
əhəmiyyətini vurğulayıb.

Tədbirdə yeni yaradılan inklüziv kamera orkestrinin ifasında
klassik əsərlər davam edib. Autizmli uşaqların iştirakı ilə
inklüziv tamaşa, mərkəzin kapoeyra təlimçilərinin və
benefisiarlarının iştirakı ilə səhnə, musiqili konsert proqramı
təqdim edilib. Tədbirdə autizm spektrlı uşaqlar aparıcı qismində
iştirak ediblər.
İştirakçılar Mərkəzin foyesində autizm sindromlu uşaqların Mərkəzdə
hazırladıqları rəsm əsərlərinin və keramika məhsullarının, həmçinin
hazırladıqları şirniyyat növlərinin satış-sərgisində iştirak
ediblər.

Teqlər: