ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin iclası keçirilib (FOTO)

Aprelin 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi (ATİAHİ RK) Rəyasət Heyətinin iclası
keçirilib.

ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev
heyət üzvlərini iclasın gündəliyi ilə tanış
edib.

Gündəliyə “ATİAHİ Respublika Komitəsinin 2021-ci ilə dair ümumi
illik statistik hesabatı barədə”, “2021-ci ildə Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində və üzv
təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə
baxılmasının vəziyyəti barədə”, “2021-ci ilin yekunlarına görə
ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi
barədə”, “2021-ci ildə həmkarlar ittifaqı üzvlərinin müalicə və
istirahətinin təşkili ilə bağlı görülmüş işlər barədə” məsələlər
daxil edilib.

Gündəliyin birinci məsələsi ilə bağlı Respublika Komitəsinin
Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov məruzə
edərək 2021-ci ilin statistik göstəriciləri ilə bağlı məlumat
verib. Qeyd edib ki, 1 yanvar 2022-ci il tarixinə olan məlumata
əsasən, ATİAHİ-nin 136 rayon, şəhər və rayon hüquqlu komitəsində
birləşən 5 739 ilk həmkarlar ittifaqı təşkilatı və 401 197 nəfər
ittifaq üzvü var. Ötən ilin müvafiq rəqəmləri ilə müqayisə etdikdə,
2021-ci ildə ittifaq üzvlərinin sayında çoxalma baş verib. Belə ki,
2019-cu ildə ittifaq üzvlərinin sayı 389 422 nəfər olub. Məruzədə
əlavə edilib ki, 2021-ci ildə Respublika Komitəsinin xidmətində
olan 5 725 ilk təşkilatda həmkarlar ittifaqı komitəsi ilə
müdiriyyət arasında kollektiv müqavilə bağlanıb. İttifaq üzvlərinin
əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiə
olunmasına xidmət edən kollektiv müqavilələr 302 186 nəfər ittifaq
üzvünü əhatə edib. Məsələyə münasibət bildirən S.Möhbalıyev qeyd
edib ki, rayon, şəhər və şəhər hüquqlu həmkarlar ittifaqı komitəsi
sədrləri, eləcə də ilk təşkilat sədrləri yerlərdə həmkarlar
ittifaqı komitələrinin nüfuzunun artırılması ilə bağlı iş
aparmalıdır. Həmçinin kollektiv müqavilələrin müddəalarına əməl
edilməsi xüsusi nəzarətdə saxlanılmalıdır: “Çalışmaq lazımdır ki,
ilk təşkilatlarda nüfuzu olan şəxslər təmsil olunsunlar. Əgər ilk
təşkilatların sədrləri nüfuzlu şəxslər olarsa, o zaman ümumilikdə
həmkarlar ittifaqı təşkilatlarının nüfuzu yüksək olacaq”.

Gündəliyin ikinci məsələsi ilə bağlı ATİAHİ Respublika Komitəsi
sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək
məlumat verib ki, 2021-ci ildə Respublika Komitəsinə və Respublika
Komitəsinin xidmətində olan üzv təşkilatlara ümumilikdə 62 171
ərizə və şikayət daxil olub, onlardan 60 278-i müsbət həll edilib.
Belə ki, əmək hüquqlarının müdafiəsi ilə bağlı daxil olmuş 424
müraciətdən 323-ü, həmkarlar ittifaqı orqanlarının işi ilə bağlı
daxil olan 209 ərizədən 180-i müsbət həll edilib. Həmçinin 2021-ci
ildə ATİAHİ Respublika Komitəsi və onun xidmətinə daxil olan şəhər,
rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələri 52 593 nəfər
ittifaq üzvünə maddi yardım verib. Həmçinin qeyd olunub ki, əmək
hüquqlarının müdafiəsi ilə bağlı baxılmış 424 müraciətin 87-si işə
bərpa ilə bağlı olub. Ötən il ATİAHİ Respublika Komitəsinin
müdaxiləsi nəticəsində 2 nəfər öz əvvəlki işinə bərpa edilib.
Bununla yanaşı, Respublika Komitəsinin xidmətinə daxil olan şəhər,
rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin müdaxiləsi
nəticəsində 40 nəfər öz işinə bərpa edilib. Məsələyə münasibət
bildirən sədr qeyd edib ki, həmkarlar ittifaqı təşkilatları daxil
olan hər bir ərizəyə diqqətlə yanaşmalı, həmkarlar ittifaqı
üzvlərini narahat edən məsələlərin aradan qaldırılmasına
çalışmalıdır: “Hər bir ərizə xüsusi yanaşma tələb edir. Bu baxımdan
hər bir ərizə araşdırılmalıdır, problemi olan insanlara diqqət
göstərilməlidir”. Gündəliyin növbəti məsələləri ilə bağlı ATİAHİ
Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri
Mübariz Eyvazov çıxış edərək 2021-ci il üzrə büdcə
göstəricilərinin yerinə yetirilməsi, həmçinin həmkarlar ittifaqı
üzvlərinin müalicə və istirahətinin təmin edilməsi ilə bağlı ötən
il həyata keçirilmiş tədbirlər barədə məlumat verib. İclasın
sonunda S.Möhbalıyev yekun söz söyləyərək tövsiyələrini çatdırıb.
Qeyd edib ki, rayon komitəsi sədrləri müraciət edən şəxslərə öz
köməkliyini göstərməlidir: “Bilirsiniz ki, biz ümumilikdə həmkarlar
ittifaqları təşkilatları olaraq istər Pandemiya, istərsə də Vətən
müharibəsi və ondan sonrakı dövrlərdə həssas əhali qruplarına
müxtəlif yardımlar etmişik. Bütün əlamətdar günlərdə onlara lazımi
köməkliklər göstərilir. Biz həmçinin şəhid ailələrinin, onların
övladlarının problemləri ilə daim maraqlanır, demək olar ki,
imkanımız daxilində onlara hər cür dəstəyi verməyə çalışırıq.
Şəhidlərin ailələrinə baş çəkilir, hədiyyələr təqdim olunur və belə
tədbirlərimiz mütəmadi xarakter daşıyır. Biz indiyə kimi 172
şəhidin 286 övladını himayəyə götürmüşük. Hər ay onların hesabına
pul köçürülür. Düzdür, onlar dövlətimiz tərəfindən hərtərəfli
himayə olunur, amma biz də – ictimai təşkilatlar da onlara hər cür
dəstək göstərməliyik. Həmçinin həmkarlar ittifaqları üzvləri ilə
yanaşı, şəhid ailələrini, qaziləri yollayışlarla təmin edir.
Onların istirahətləri, müalicələri üçün istirahət mərkəzlərinə,
sanatoriyalara yollayışlar veririk. Bu işlər bundan sonra da davam
etdirilməlidir”.

Teqlər: