ATƏT Ukraynanın şərqindəki vəziyyətdən dərin narahatlığını ifadə edib

ATƏT Ukraynanın şərqində təhlükəsizliklə bağlı vəziyyətin
əhəmiyyətli dərəcədə pisləşdiyini bildirib və gərginliyi azaltmağa
çağırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdəki sədri,
Polşanın xarici işlər naziri Zbiqnev Rau və ATƏT-in baş katibi
Helqa Mariya Şmidin birgə bəyanatında deyilir.

“Biz Ukraynanın şərqində silahlı zorakılıqların əhəmiyyətli
dərəcədə artması ilə bağlı xəbərlərdən dərin narahatıq. Biz güc
tətbiqindən çəkinməyin, deeskalasiyanın zəruriliyini bir daha bəyan
edirik. Təmkin, dialoq və məsuliyyət hər şeydən üstündür”, – deyə
bəyanatda deyilir.

Bəyanatda deyilir ki, Rau və Şmid Ukraynanın şərqindəki
vəziyyətlə bağlı düşmənçilik ritorikasına son qoymağa çağırıblar,
çünki bu, sülhü təşviq etmək səylərinə xələl gətirir və eskalasiya
təhlükəsi yaradır.


“Bizim eşitdiyimiz artan düşmənçilik və təhrikedici ritorika
sülh, sabitlik və təhlükəsizliyin təşviq edilməsi üzrə səyləri
sarsıdır və gələcək qarşıdurma və eskalasiya risklərini artırır.
Buna son qoyulmalıdır”, – deyə bəyanatda bildirilir.

ATƏT Ukrayna hökumət qüvvələrinin hərbi əməliyyatlar hazırlaması
ilə bağlı xəbərləri dezinformasiya adlandırıb: “Biz Ukrayna hökumət
qüvvələrinin hazırlanan hərbi əməliyyatları ilə bağlı
dezinformasiyanın yayılmasından təəssüflənirik. Bu, münaqişə
zonasında mülki əhaliyə kritik təsir göstərir”.