ATƏT Qarabağ münaqişəsinin həllində uğursuzluğa düçar olub, amma resursları tam tükənməyib – Sergey Markov

ATƏT bir tərəfdən Ermənistanla Azərbaycan arasında Qarabağ
münaqişəsinin həllində uğursuzluğa düçar olub, digər tərəfdən isə
resursları tam tükənməyib.

Bunu Trend
Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov
deyib.

O vurğulayıb ki, ATƏT fərqli rollarda çıxış edir: bir tərəfdən
bu, çoxsaylı strukturları olan ATƏT institutlarıdır, digər
tərəfdən, Ermənistanla Azərbaycan arasında münaqişənin moderatoru
olmaq niyyətini bildirən ölkələr qrupundan ibarət ATƏT Minsk
qrupudur, üçüncüsü isə Rusiya, ABŞ və Fransanın simasında ATƏT
Minsk qrupunun üç həmsədridir.

“Tamamilə aydındır ki, ATƏT Minsk qrupunun həmsədrləri qarşıya
qoyulan tapşırıq, yəni Qarabağ münaqişəsinin həllinə köməkdə
uğursuzluğa düçar oldu. Onlar münaqişənin həllinə heç cür yardım
göstərmirdi və demək olar ki, iyirmi beş il ərzində Ermənistanın
münaqişənin dondurulması, status-kvonun saxlanması siyasətini
ört-basdır edirdi. ATƏT Minsk qrupunun həmsədrləri bu vəziyyəti
dəyişmək üçün heç bir şey etməyib”, – S.Markov deyib.

Politoloq bildirib ki, həmsədrlər erməni diasporunun ən güclü
olduğu üç ölkə – ABŞ, Fransa və Rusiya olub.

“ATƏT Minsk qrupu ikinci Qarabağ müharibəsi başlayarkən
ümumiyyətlə heç bir rol oynamadı. Azərbaycan birbaşa olaraq
bildirdi ki, Minsk qrupunun bu münaqişədə heç bir işi yoxdur və
onlar buraxıla bilər. Nəticədə ATƏT Minsk qrupu həmsədrləri
fəaliyyətsiz qaldı”, – deyə o bildirib.

Onun fikrincə, bütün bunlara baxmayaraq ATƏT-in digər imkanları
qalır.

“Xüsusən, Minsk qrupunun həmsədrlərindən başqa digər üzvləri də
var. Bir çox ölkə neytral və ya Azərbaycana müttəfiq mövqe tutur,
məsələn, Türkiyə. Ona görə də, təkcə həmsədrlərin deyil, məhz bütün
ATƏT Minsk qrupunun fəallaşması mümkündür. Hazırda bir neçə mümkün
mövqe mövcuddur. Birincisi, ATƏT-in dəqiq edə biləcəyi iş azad
edilmiş Qarabağ ərazilərinin minalardan təmizlənməsinə kömək
göstərməkdir. ATƏT-in bir çox ölkələrinin, Aİ üzvlərinin Asiya və
Afrikanın müxtəlif ölkələrində regional münaqişələrdən sonra
minaların təmizlənməsi işində böyük təcrübələri var. Ona görə də
Qarabağa istehkamçıların göndərilməsi onların yerinə yetirə
biləcəyi bir funksiyadır”, – S.Markov deyib.

O əlavə edib ki, ATƏT-in yerinə yetirə biləcəyi daha bir
funksiya humanitar təmaslara kömək göstərməkdir.

“Məsələn, onlar Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri
arasında təmasların bərpasına kömək edə bilər. Onların icra edə
biləcəyi daha bir vacib rol nəqliyyat kommunikasiyalarının
açılmasına kömək göstərməkdir”, – politoloq əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: