Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq
əlaqələr şöbəsinin müdir müavini Svetlana Popova ATƏT-in 30-cu
İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq Görüşündə (Vyana)
Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verib.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, “COVID-19 pandemiyası zamanı dayanıqlı iqtisadi
bərpa yolu ilə ATƏT məkanında təhlükəsizlik və sabitliyin təşviqi”
mövzusunda keçirilən tədbirdə ölkəmizdə uğurla reallaşdırılan DOST
Konsepsiyası barədə məlumat verilib.
Qeyd olunub ki, ötən dövrdə 700 mindən çox vətəndaşa xidmət
göstərmiş DOST mərkəzlərində dövlət sosial xidmətləri “bir
pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim olunur, bütün
istifadəçilər üçün bu xidmətlərə əlçatanlıq və inklüzivlik təmin
edilir.Artıq 5 DOST mərkəzi yaradılıb ki, 2 milyondan çox vətəndaşı
öz xidmətləri ilə əhatə edir və 2025-ci ilə qədər bu xidmətlər
bütün ölkəni əhatə edəcək.
Əmək, məşğulluq, sosial təminat və s. sahələrdə innovativ
həllərin tətbiqi, rəqəmsal infrastruktur üzərindən proaktiv
xidmətlərin yaradılması istiqamətində əldə olunan nailiyyətlər
diqqətə çatdırılıb.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 175
xidmətindən 103-nün elektron qaydada, o cümlədən 44-nün proaktiv
şəkildə həyata keçirildiyi qeyd edilib.
Tədbirdə ölkəmizdəki sosial islahatlara dair təqdim olunan
məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.