ASK ilə MDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

2022-ci ilin 22 aprel tarixində Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
(ASK) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq
əlaqələrinin qurulması məqsədilə görüş keçirilib. Görüşdə MDU-nun
rektoru Şahin Bayramov və müşaviri Hamiz Mahmudov, ASK-nın birinci
vitse-prezidenti Vüqar Zeynalov, baş katib Kristina Məmmədova,
Konfederasiya prezidentinin baş məsləhətçiləri Şəbnəm Nuriyeva və
Fərid Vəlizadə iştirak ediblər.

Səmimi görüşə görə təşəkkürünü bildirən MDU-nun rektoru
Ş.Bayramov universitetin strateji hədəflərindən söhbət açıb. Rektor
yeni dövrün universitetinə çevrilmək, regionun innovasiya
ekosisteminin drayveri olmaq, keyfiyyətli təhsil və tədqiqat
xidmətləri göstərmək üçün sənaye ilə işbirliyinin önəmini
vurğulayıb. Bu məqsədlə universitet-sənaye əməkdaşlığının prioritet
fəaliyyət istiqamətlərindən olduğunu qeyd edən rektor bununla bağlı
son dövrdə MDU-da atılan addımları və əldə olunan nəticələri
diqqətə çatdırıb. Özündə minlərlə sahibkarlıq subyektini
birləşdirən Konfederasiya ilə əlaqələrin qurulmasının görülən
işlərə əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirən Ş.Bayramov
qarşılıqlı faydalı əməkdaşlığın potensial istiqamətləri barədə
fikirlərini bölüşüb.

Universitet heyəti ilə görüşdən məmnunluğunu bildirən ASK-nın
birinci vitse-prezidenti V.Zeynalov ali təhsil müəssisələrinin
cəmiyyətin sosial-iqtisadi inkişafında rolundan danışıb.
Universitetlərin sahibkarlığın inkişafına töhfə baxımından geniş
potensial imkanlara sahib olduğunu deyən V.Zeynalov, eyni zamanda,
sənaye ilə işbirliyinin əmək bazarının müasir tələblərinə cavab
verən yüksəkixtisaslı kadr hazırlığına, səmərəli tətbiqi
tədqiqatların həyata keçirilməsinə və innovasiya ekosisteminin
inkişafına əhəmiyyətli təsir göstərdiyini qeyd edib. Regionlarda
sahibkarlığın inkişafına dəstək məsədilə ASK tərəfindən həyata
keçirilən layihələrdən bəhs edən Konfederasiyanın birinci
vitse-prezidenti MDU ilə əməkdaşlığa daim açıq olduqlarını bildirib
və bu məqsədlə konkret təkliflərini diqqətə çatdırıb.

Aparılan müzakirələrdən sonra, görüşdə ikitərəfli əməkdaşlıq
əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə müvafiq
fəaliyyət planının hazırlanması barədə razılıq əldə edilib.

Qeyd edək ki, regional ekosistemin mühüm aktorlarından birinə
çevrilməyi hədəfləyən MDU-da kadr hazırlığının keyfiyyətinin
yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və
tədqiqatların nəticəyönümlüyünün artırılması məqsədilə müxtəlif
formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi
əhəmiyyət verilir.

Teqlər: