Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində
fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın “ASAN
Login” Vahid Giriş Sisteminə inteqrasiyası yekunlaşdı. Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin
İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” Vahid Giriş
Sistemi üzərindən göstərilən dövlət xidmətləri indi vətəndaşlara
daha əlçatan olacaq.
Vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla
(https://asanlogin.my.gov.az/auth)
bura inteqrasiya olunan 80 portala və sistemə vahid məkandan
giriş-çıxış imkanı əldə edəcəklər.
SİMA-dan istifadə edərək heç yerə getmədən, vaxt itkisinə yol
vermədən, eləcə də imza üçün ödəniş etmədən “myGov”, “ASAN ödəniş”,
“e-Sosial”, “e-Agro”, “e-Satınalma”, “e-Hərrac”, Mərkəzi Bankın
Elektron Müraciətlər Sistemi, İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi və Dövlət Reklam Agentliyinin, eləcə də digər qurumların
portal və sistemləri üzərindən göstərilən xidmətlərə daha rahat
giriş edə biləcəklər. Hazırda həmin portallar vasitəsilə təqdim
edilən xidmətlər üçün sənədlərin SİMA ilə imzalanmasının
inteqrasiya prosesi davam edir.
Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron
xidmətlərdən yararlanmaq mümkündür.
SİMA mobil tətbiqində qeydiyyatdan keçməklə rəqəmsal imzanın
əldə edilməsi Elektron Hökumət Portalında təqdim edilən xidmətlərə
girişi daha asan edir.
Artıq elektron imza əldə etmək üçün xidmət ofislərindən
asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində
yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş olduğu
yerdən elektron dövlət xidmətlərindən yararlanmış olacaq. Bu imkan
vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal
hökumət konseptindəki rolunun daha da aktivləşməsinə səbəb
olacaq.
Rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər
üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın
istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də
avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda
sənəd imzalama imkanı qazandırır.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes
proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Çağrı Mərkəzi
ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.