Artıq ermənilər özləri də Azərbaycana qarşı cinayətlərini etiraf etməyə başlayıblar

Xəbər - Elçin Mehdiyev – Trend:

Həm birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı ermənilərin beynəlxalq hüququn normalarının pozulması, Azərbaycana qarşı bir çox cinayətlər törətməsi hər kəsə məlumdur. Buraya mülki əhalinin atəşə tutulması, soyqırımı hadisələri, qadağan olunmuş silahlardan istifadə və digər cinayətlər daxildir. Təəssüflə onu da qeyd etmək lazımdır ki, beynəlxalq qurumlar bu günə kimi bu cinayətlərə hüquqi qiymət vermək üçün heç bir ciddi addım atmayıb. Bu isə ermənilərdə arxayınlıq yaradıb, onları yeni cinayətlərə sövq edib. Nəticə isə göz qabağındadır. Artıq ermənilər özləri də bu cinayətləri etiraf etməyə başlayıblar.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, erməni hərbi ekspert Van Ambarçumyan bu kateqoriyadan olan ermənilərdən biridir: “O, 2020-ci ilin Tovuz hadisələri və 44 günlük Vətən müharibəsi ilə bağlı Ermənistanın yalanlarını ifşa edib. Hərbi ekspert “Budrooo news” yutub kanalında Armen Qriqoryan ilə müsahibəsi zamanı bir sıra maraqlı faktların üstünü açıb. O, 2020-ci ilin iyul ayında baş verən hadisələrdən danışarkən bildirib ki, Ermənistanın Azərbaycanın xüsusi təyinatlılarının “UAZ” markalı maşın ilə bu ölkənin dövlət sərhədini pozmağa cəhd etməsi ilə bağlı iddiasına görə ölkəsinin adına utanc hissi keçirib.

Van Ambarçumyan onu da bildirib ki, Ermənistan tərəfi həmin dövrdə İsrail istehsalı olan və istənilən hava şəraitinə uyğun taktiki pilotsuz uçuş aparatı “Hermes-900”u vuran dünyada ilk ölkə olduqlarını iddia edəndə də utanc hissi yaşayıb.

Hərbi ekspert, həmçinin ölkə rəhbərliyini Rusiyanın “Su-30SM” təyyarələrini almasına görə də kəskin tənqid edib.

44 günlük Vətən müharibəsindən danışan erməni ekspert Ermənistanın Azərbaycanın Xankəndini və dinc sakinləri bombardman etməsi ilə bağlı bütün iddialarını yalanlayıb. Hərbi ekspert onu da əlavə edib ki, Ermənistan 4 dəfə “İskəndər” taktiki raket kompleklərindən istifadə edib. Onlar iki dəfə Şuşaya, iki dəfə Bakı istiqamətində atəş açıblar. Lakin raketlərin qarşısı Azərbaycan tərəfindən alınıb və məhv edilib”.

Deputatın sözlərinə görə, Van Ambarçumyanın biabırçı etirafları onu göstərir ki, Ermənistan hakimiyyəti müharibə zamanı erməni xalqını aldadıb, bilərəkdən onlara yanlış məlumatlar verib, öz xalqına xəyanət edib: “Bu, həm də ermənilərin riyakarlığının, ikiüzlülüyünün və etibarsızlığının göstəricisidir. Belə dövlətin heç bir vədinə və sözünə inanmaq olmaz. Tarix bu reallığı dəfələrlə sübut edib.

Bu etiraflar həm də onu föstərir ki, Ermənistan ordusu nə o zaman, nə də ki, indiki dövrdə Azərbaycan ordusuna müqavimət göstərəcək gücdə olmayıb. “Güclü Ermənistan ordusu” yalnız mif olub. 44 günlük müharibədə acı məğlubiyyət bunu bir daha sübut etdi. Ermənistan növbəti dəfə biabır oldu.

Bu yalanların açıq ifşası həm də Ermənistanın törətdiyi cinayətlərə görə cəzalandırılmasının vacibliyini ortaya qoyur. Azərbaycan Ermənistanın cəzalandırılması, cinayətlərinə hüquqi qiymətin verilməsi üçün bütün zəruri addımları atacaq. Buna Azərbaycanın tam haqqı var. Ermənistan törətdiyi cinayətlərə görə qanun qarşısında mütləq cavab verməli olacaq”.

Twitter: @ElchinMehdiyev

Teqlər: