Araz Vadisi İqtisadi Zonası Qarabağ və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək

Xəbər - Fərid Zöhrabov – Trend:

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Qarabağ və Şərqi
Zəngəzur bölgəsinin iqtisadi inkişafını şərtləndirən başlıca
subyekt olacaq.

Bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli
bildirib.

Onun sözlərinə görə, Araz Vadisi İqtisadi Zonasında çalışan
sahibkarlıq subyektləri 10 illik mənfəət vergisindən, xaricdən
gətirilən avadanlıqlar 7 il müddətinə gömrük rüsumlarından və
ƏDV-dən azad olunacaq:

“Bu da həm xarici, həm də yerli investorlara stimul verəcək.
Digər tərəfdən burada əsasən yüngül sənayə və emal, qida sənayesi
müəssisələrinin yerləşdirilməsi nəzərdə tutulur ki bu da bölgə
sakinlərinin işlə təmin edilməsinə əhəmiyyətli təsir göstərəcək.
Digər tərəfdən Araz Vadisi İqtisadi Zonasının coğrafi mövqeyi
bölgənin logistik imkanlarını da genişləndirəcək və inkişaf
etdirəcək. Kənd təsərrüfatı məhsullarının emalı, saxlanılması və
daşınması üçün əlverişli nəqliyyat imkanları yaranacaq ki, bu da
orada gələcəkdə çalışan fermerlərin də fəaliyyətini
stimullaşdıracaq. Bölgədə istifadəsi nəzərdə tutulan yaşıl və
alternativ enerji mənbələrinin quraşdırılması zonada yeni
texnologiyaların tətbiqinə geniş imkanlar yaradacaq.


Həmçinin sənaye parkının nəzdində tekstil və toxuculuq
müəssisələrinin yerləşdirilməsi nəzərdə tutulur ki, bu da bölgədə
qadınların işlə təmin edilməsinə kömək olacaq. Araz Vadisi İqtisadi
Zonası və Ağdam Sənaye Parkı Qarabağ bölgəsinin Azərbaycanın sənaye
və ticarət mərkəzinə çevrilməsində iqtisadi lokomotiv rolunu
oynayacaq.

Sənaye parkları bölgənin ÜDM-də payının artmasına və gələcəkdə
özünütəminatına imkan verəcək”, – deyə ekspert bildirib.

Teqlər: