AQTA sədri tütün istehsalçıları və ixracatçıları ilə görüşüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində
(AQTA) tütün istehsalçıları və ixracatçıları ilə videokonfrans
formatında görüş keçirilib.

Görüşdə AQTA sədri Qoşqar Təhməzli son illərdə ölkəmizdə bitki
sağlamlığı sahəsində həyata keçirilən tədbirlər, həmçinin
dövlətimiz tərəfindən sahibkarlara göstərilən sistemli dəstək
tədbirləri nəticəsində digər sahələrlə yanaşı, tütünçülük sahəsinin
də inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Agentliyin
mütəxəssisləri tərəfindən mütəmadi olaraq tütünçülük
təsərrüfatlarında monitorinqlər davam etdirilir və aşkar olunan
uyğunsuzluqlarla bağlı sahibkarlıq subyektlərinə hərtərəfli
metodiki köməklik göstərilir.

Görüşdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun
laboratoriyalarında tütünçülük məhsullarının ixrac olunduğu
ölkələrin tələblərinə uyğun analizlərinin həyata keçirildiyi, bu
istiqamətdə sahibkarlara hər cür peşəkar dəstəyin bundan sonra da
davam etdiriləcəyi qeyd edilib.

Tədbirdə tütün istehsalı və ixracatında qarşıda duran vəzifələr,
tütünçülük məhsullarının ixracının şaxələndirilməsi və bu
istiqamətdə olan hədəflər və perspektivlər barədə fikir mübadiləsi
aparılıb. Tütün istehsalı və ixracatı ilə məşğul olan sahibkarlar
qarşılaşdıqları problemlər, tütün istehsalındakı mövcud vəziyyətdən
danışıb, öz fikirlərini bölüşüblər.

Sonda sahibkarlarla birbaşa ünsiyyəti təmin edən bu cür
görüşlərin davam etdiriləcəyi və qaldırılan məsələlərin həlli
istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Teqlər: