Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və
meşə naziri Vahid Kirişçi ilə görüşüb. Qardaş ölkə görüşdə Türkiyə
Böyük Millət Məclisinin Kənd Təsərrüfatı Meşə və Kənd İşləri
Komissiyasının başçısı Yunus Kılıç, Avropa İttifaqı və Xarici
Əlaqələr Baş İdarəsinin direktoru Ahmet Volkan Güngören daxil
olmaqla, geniş tərkibdə təmsil olunan nümayəndə heyəti ilə iştirak
edib.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, qonaqları səmimi
qarşılayan AQTA sədri Qoşqar Təhməzli ikitərəfli dostluq və
qardaşlıq münasibətlərinin bütün sahələr üzrə yüksək səviyyədə
davam etdiyini və bu münasibətlər fonunda hər iki ölkənin qlobal
layihələrin həyata keçirilməsində uğurlu, birgə iştirakından söz
açıb.
Görüşün iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da
genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edən
Agentlik sədri son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyinin
inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ölkə
rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğı, eyni zamanda
qida təhlükəsizliyinin təmin olunması ilə bağlı son illərdə həyata
keçirilən işlər barədə geniş məlumat verib. Vahid Kirişçini Türkiyə
Respublikasının kənd təsərrüfatı və meşə naziri vəzifəsinə təyin
edilməsi münasibətilə də təbrik edən AQTA sədri bu təyinatın
əlaqələrin inkişafında yeni mərhələyə yol açacağını diqqətə
çatdırıb.
Səmimi qəbul və təbrik üçün minnətdarlığını ifadə edən türkiyəli
nazir ölkələrimiz arasında bütün istiqamətlər üzrə münasibətlərin
qardaşlıq müstəvisində sürətli inkişafının məmnunluq doğurduğunu
bildirib. Birgə əməkdaşlıq və əlaqələrin gələcək perspektivləri
məsələlərinə də toxunan Vahid Kirişçi tərəflər arasında qida
təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində birgə
tərəfdaşlığın bundan sonra da genişləndiriləcəyini vurğulayıb.
Daha sonra görüşdə bir sıra yeni istiqamətlər üzrə əməkdaşlıq
imkanları nəzərdən keçirilib, ikitərəfli münasibətlərin, qarşılıqlı
maraq doğuran fəaliyyət sahələri üzrə təcrübə mübadilələrinin
miqyasının daha da genişləndirilməsi məsələləri üzrə fikir
mübadiləsi aparılıb. Tərəflər laboratoriyaların təkmilləşdirilməsi,
optimallaşdırılması, modernləşdirilməsi istiqamətində təcrübə
mübadiləsi imkanları, qida təhlükəsizliyi üzrə risk
qiymətləndirilməsi, pestisidlərin təhlükəsiz istifadəsinə dair
qabaqcıl təcrübənin tətbiqi məqsədilə təlimlərin təşkili və s.
məsələləri müzakirə ediblər.
Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə
Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində
əməkdaşlıq haqqında Saziş”də nəzərdə tutulan məsələlərin icrası ilə
bağlı işlərin davam etdirilməsi, eyni zamanda “Azərbaycan
Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında
bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş”
və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası
Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”
layihələri üzrə aparılan işlərin sürətləndirilməsi və bu
istiqamətdə işlərin genişləndirilməsinin əhəmiyyəti diqqətə
çatdırılıb.