AQTA sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfər edib (FOTO)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin
(AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti
Özbəkistana işgüzar səfər edib.

AQTA -dan AzerTimes-a verilən məlumata görə, Qoşqar Təhməzlinin
rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistan kənd təsərrüfatı
nazirinin müavini Kaxramon Yuldaşev, Bitki Karantini və Mühafizəsi
üzrə Agentliyin rəhbəri İbrahim Erqaşev, Baytarlıq və
Heyvandarlığın İnkişafı Dövlət Komitəsi sədrinin birinci müavini
Şuxrat Cabbarov və Sanitar-Epidemioloji Rifah və Əhalinin
Sağlamlığı Xidmətinin rəisi Baxadir Yusupaliyevin rəhbərlik etdiyi
nümayəndə heyətləri ilə görüşüb.

Görüşlərdə Q. Təhməzli dövlət başçısı tərəfindən aparılan
institusional islahatlar çərçivəsində yaranan Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyinin missiyası və fəaliyyət istiqamətləri
haqqında ətraflı məlumat verib. Bildirib ki, Agentlik ölkədə qida
təhlükəsizliyi, insanların sağlam və təmiz kənd təsərrüfatı
məhsulları ilə təmin olunması istiqamətində mühüm işlər həyata
keçirir. Bu sahədə beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirən
AQTA fəaliyyətini Ümümdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE),
Kodeks Alimentarius Komissiyası, Beynəlxalq Bitki Sağlamlığı
Konvensiyası Təşkilatı (IPPC) və digər beynəlxalq təşkilatlarla sıx
əlaqələr üzərində qurub. Eyni zamanda qida sahəsində idxal-ixrac
məsələləri, ticarət dövriyyəsində qida təhlükəsizliyi kimi
istiqamətləri diqqətdə saxlayan AQTA-nın fəaliyyət dairəsinə aşağı,
orta və yuxarı riskli məhsullara sərhəd keçid məntəqələrində
nəzarət də daxildir.

Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə
keçirilən görüşdə gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib,
xüsusən kənd təsərrüfatı məhsullarının idxal və ixracı üzrə
nazirliyin işinin digər dövlət orqanları ilə əlaqəli şəkildə
qurulması ilə bağlı məsələlər müzakirə olunub.

Bitki Karantini və Mühafizəsi üzrə Agentliyinin nümayəndə heyəti
ilə keçirilən görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə
Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və
mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişlə bağlı fikir
mübadiləsi aparılıb və sənədin yaxın gələcəkdə imzalanması
istiqamətində razılıq əldə olunub. Bundan əlavə, tərəflər arasında
birgə fəaliyyət üzrə İşçi Qrupun yaradılması, qarşılıqlı maraq
doğuran istiqamətlər, o cümlədən laboratoriya işinin təşkili üzrə
təcrübə və ekspert mübadiləsinin həyata keçirilməsi qərara alınıb.
Həmçinin Azərbaycan nümayəndə heyəti tərəfindən Özbəkistanın
fitosanitar laboratoriyası və informasiya sistemlərinə baxış
keçirilib. Eyni zamanda AQTA-nın fəaliyyəti ilə daha yaxından tanış
olmaq üçün Özbəkistan nümayəndə heyəti Azərbaycana dəvət
edilib.

Özbəkistanın Baytarlıq və Heyvandarlığın İnkişafı Dövlət
Komitəsi ilə baş tutan görüşdə isə gələcək əməkdaşlıq
istiqamətləri, o cümlədən tranzit daşınan heyvanlara müvafiq
icazələrin alınması prosedurları, idxal-ixrac üzrə baytarlıq
tələblərinin mübadiləsi, baytarlıq sertifikatlarının qarşılıqlı
razılaşdırılması və digər istiqamətlər üzrə işin operativ şəkildə
qurulması məqsədilə İşçi Qrupun yaradılması mövzuları müzakirəyə
çıxarılıb. Bundan başqa, heyvan xəstəliklərinə nəzarət üzrə
beynəlxalq və regional layihə prioritetləri, heyvandarlıq
təsərrüfatlarında heyvan xəstəliklərinə dair aparılan nəzarət
tədbirləri ilə tanışlıq, virtual formatda, eləcə də mütəxəssis
mübadiləsi yolu ilə heyvan sağlamlığı sahəsi üzrə təcrübə
mübadiləsinin aparılması kimi istiqamətlər müzakirə predmeti olub.
Eyni zamanda tərəflər epizootiya əleyhinə tədbirlərin
planlaşdırılması, icrası və epizootik nəzarətin həyata keçirilməsi,
baytarlıq xidmətlərinin özəlləşdirilməsi, heyvan sağlamlığının
təmin olunmasında baytarlıq preparatlarından təhlükəsiz istifadə
ilə bağlı da fikirlərini bölüşüblər. Bundan əlavə, Özbəkistan
Respublikası Baytarlıq və Heyvandarlığın İnkişafı Dövlət
Komitəsinin tabeliyində fəaliyyət göstərən ali təhsil
müsəssisələrində azərbaycanlı mütəxəssislərin baytarlıq sahəsi üzrə
magistr pilləsində təhsil alması imkanları nəzərdən keçirilib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər istiqamətlər,
xüsusən virtual formatda, eləcə də mütəxəssis mübadiləsi yolu ilə
təcrübə mübadiləsinin aparılması məsələləri ətrafında da
fikirlərini bölüşüblər.

Teqlər: