AQTA sədri heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində
(AQTA) “Azərbaycan Heyvandarlıq Assosiasiyası”, “Azərbaycan Süd və
Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyi”,
“Azərbaycan Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyası”nın
rəhbərləri, həmçinin müvafiq sahədə fəaliyyət göstərən
sahibkarlarla videokonfrans formatında görüş keçirilib.

Görüşdə AQTA sədri Qoşqar Təhməzli Sahibkarlar Günü münasibətilə
iştirakçıları təbrik edib, iqtisadiyyatın aparıcı qüvvəsi kimi
ölkəmizin inkişafı və xalqımızın rifahı naminə onlara yeni-yeni
uğurlar arzulayıb. Bildirilib ki, birgə səylərin ölkə Prezidentinin
müəyyən etdiyi strateji xəttin reallaşmasına, Azərbaycanda qida
təhlükəsizliyi sisteminin qurulması ilə ölkə vətəndaşlarının
sağlamlığının qorunmasına əhəmiyyətli töhfə verəcəkdir. Agentlik
sədri son illərdə ölkəmizdə heyvandarlıq sahəsində həyata keçirilən
tədbirlər, həmçinin dövlətimiz tərəfindən sahibkarlara göstərilən
sistemli dəstək nəticəsində bu sahənin inkişaf etdiyini tədbir
iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və
İxracatçıları İctimai Birliyinin sədri Samir Eyyubov, Azərbaycan
Heyvandarlıq Assosiasiyasının sədri Nazim Səfərov, Azərbaycan Ət və
Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov
və digər ictimai birliklərin üzvləri iştirak ediblər. Tədbirdə
heyvandarlıq məhsullarının laborator analizlərinin aparılması,
müvafiq sertifikatların verilməsi, həmçinin heyvandarlıq
məhsullarının idxal və ixracı zamanı işin daha səmərəli təşkili ilə
bağlı fikir mübadiləsi aparılıb. Agentliyin mütəxəssisləri
tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə
peşəkar dəstəyin və metodiki köməkliyin davam etdiriləcəyi
bildirilib.

Daha sonra heyvandarlıq sahəsində fəaliyyət göstərən
sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq
göstərişlər verilib.

Teqlər: