AQTA sədri Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının Baş direktoru ilə görüşüb (FOTO)

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
sədri Qoşqar Təhməzli Beynəlxalq Üzümçülük və Şərabçılıq
Təşkilatının (OIV) Baş direktoru Pablo Roka Blasko ilə görüşüb.

Görüşdə AQTA sədri Qoşqar Təhməzli Azərbaycanda üzümçülüyün və
şərabçılığın inkişaf istiqamətləri, bu məhsulların
təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, bununla bağlı
həyata keçirilən irimiqyaslı tədbirlər və qarşıda duran vəzifələr
barədə ətraflı məlumat verib. Yerli üzüm və şərab istehsalının
təşviqi, şərab məhsullarının ixrac potensialının artırılmasından
söz açan sədr şərab məhsullarının qida təhlükəsizliyinə nəzarətin
AQTA-nın müvafiq laboratoriyalarında aparılan təhlillərin
nəticəsinə uyğun olaraq həyata keçirildiyini qeyd edib. Həmçinin
qonağın diqqətinə çatdırılıb ki, uzun müddət Ermənistan tərəfindən
Azərbaycanın işğal altında saxlanılmış ərazilərində şərab və digər
məhsullar istehsal edilərək, mənşə ölkəsi Ermənistan göstərilməklə
saxtalaşdırmaya yol verilib və həmin məhsulların Avropa İttifaqı
(Aİ) ölkələrinə ixracı həyata keçirilib.

Baş verən hallara görə təəssüfləndiyini bildirən Beynəlxalq
Üzümçülük və Şərabçılıq Təşkilatının Baş direktoru Pablo Roka
Blasko Azərbaycanla OİV arasında səmərəli əməkdaşlığın qurulduğunu,
bu münasibətlərin qarşıdakı illər ərzində də müsbət dinamika üzrə
inkişaf edəcəyinə əminliyini ifadə edib. Azərbaycan ərazilərində
qanunsuz olaraq, Ermənistan adı altında şərab və digər məhsulların
istehsalı, Aİ ölkələrinə satışı və ixracı ilə bağlı rəhbərlik
etdiyi təşkilata rəsmi məlumatların təqdim olunmasını xahiş edən
qonaq saxtalaşdırma və qanunsuz satış halları ilə əlaqədar
aidiyyəti beynəlxalq, regional qurum və təşkilatlarla danışıqlar
aparılacağını qeyd edib.

Daha sonra əməkdaşlıqda növbəti mərhələlər üzrə prioritet kəsb
edən digər məsələlər müzakirə edilib. Şərab normalarının
hazırlanması sahəsində mümkün əməkdaşlığın həyata keçirilməsi,
mütəxəssislərin bilik və bacarıqlarının artırılması üzrə təlim və
seminarların təşkili, şərabçılıq məhsullarının laboratoriya
analizlərinə cəlb olunması ilə bağlı təcrübə mübadiləsi
istiqamətində fikir mübadiləsi aparılıb. OİV rəhbərliyi tərəfindən
müsbət yanaşılan bir çox məsələlərlə bağlı, o cümlədən Agentlik
əməkdaşlarının standartların hazırlanmasında iştirakı, sınaq
metodlarının hazırlanması üzrə Təşkilatın komissiyasında təmsil
olunması, elektron sertifikat platformasına Azərbaycanın qoşulması
və s. üzrə müvafiq qərarlar qəbul olunub.

Teqlər: