Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin 30-cu ildönümü qeyd edilib

6 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyində Azərbaycan Respublikası və İtaliya Respublikası
arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü
münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə
AR XİN-in rəhbər heyəti, İtaliyanın Azərbaycan Respublikasındakı
səfiri, habelə səfirliyin əməkdaşları iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə
başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər
nazirinin müavini Xələf Xələfov Azərbaycan və İtaliya arasında
əlaqələrin tarixi köklərə və dostluq ənənələrinə əsaslandığını və
son 30 ildə münasibətlərin bütün istiqamətlər üzrə dinamik inkişaf
etdiyini bildirib. Nazir müavini iki ölkə arasında siyasi,
iqtisadi, ticarət, energetika, humanitar və digər sahələrdə
çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu
vurğulayıb. X.Xələfov 44 günlük Vətən müharibəsi zamanı İtaliyanın
beynəlxalq hüquqa əsaslanan və ədalətli mövqeyini məmnunluqla qeyd
edib. Sonda nazir müavini əlamətdar gün münasibətilə təbriklərini
çatdırıb, hər iki xalqa sülh, əmin-amanlıq və firavanlıq
arzulayıb.

Daha sonra çıxış edən İtaliyanın Azərbaycan Respublikasındakı
səfiri Klaudio Taffuri 30 il ərzində Azərbaycan və İtaliya arasında
əlaqələrin inkişafında əldə olunan nailiyyətləri qürurla qeyd
edərək, tədbir iştirakçılarını bu əlamətdar tarix münasibəti ilə
təbrik edib. Səfir, Azərbaycan və İtaliya arasında bir çox
istiqamətlər üzrə mövcud olan yüksək səciyyəli əməkdaşlığı
məmnunluqla qeyd edib. Eyni zamanda, səfir iki ölkə arasında
insanlar arasında əlaqələrin intensivləşməsinə istinad edib,
xüsusilə də təhsil sahəsində əməkdaşlığın genişlənməsini
məmnunluqla vurğulayıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və İtaliya arasında
diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə
tanış olublar.

Teqlər: