Aqressiv separatçılıq bölgədə fəlakətə gətirib çıxarıb – XİN

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq
Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv
separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli
qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı qətiyyətlə
qınayırıq.

Xatırladırıq ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına,
DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq
normativ hüquqi aktlara ziddiyyət təşkil edib.

Ermənistanın aqressiv erməni separatçılarını dəstəkləməsi və
Azərbaycana qarşı ərazi iddialarından çıxış edərək təcavüzkar
siyasət həyata keçirməsi Azərbaycanın ərazilərinin bir hissəsinin
30 ilə yaxın hərbi işğal altında qalmasına, bu torpaqlarda qanlı
etnik təmizləməyə, bir milyon azərbaycanlının fundamental
hüquqlarının pozulmasına səbəb olub.

Ermənistan XİN-in “dirçəliş” kimi qiymətləndirdiyi aqressiv
separatçılıq bölgədə onilliklər ərzində davam edən geniş miqyaslı
fəlakətə gətirib çıxarıb. Bu vəziyyət bölgənin uzun illər ərzində
sülh və təhlükəsizlik şəraitində inkişafına ciddi əngəl
törədib.

Hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət
arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin
edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası nifaqı təşviq
edən bəyanatla çıxış etməsi bir tərəfdən bu ölkənin məsuliyyətsiz
davranışını, digər tərəfdən isə baş verən son hadisələrdən hələ də
dərs çıxarmadığını göstərir.

Ermənistan XİN-in nəzərinə çatdırırıq ki, belə bir destruktiv
yanaşmanın heç bir gələcəyi yoxdur.

Teqlər: