Aqrar Sığorta Fondu və ADA Universiteti əməkdaşlığa başlayır – Memorandum imzalandı (FOTO)

Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə müasir aqrar
sığorta mexanizminin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu
və ölkənin müasir və aparıcı universitetlərindən olan ADA
Universiteti arasında əməkdaşlıq və tərəfdaşlıq barədə memorandum
imzalanıb.

ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev
və Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov
tərəfindən imzalanan memorandum Universitet və Fond arasında
müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Memorandum çərçivəsində Universitetin müəllim və tələbələri son
illər ölkə iqtisadiyyatının ən sürətli inkişaf edən sahələrindən
olan kənd təsərüffatı və aqrar sığorta sahələrində həyata keçirilən
işlərlə bağlı ətraflı bilik-məlumat alacaq, faydalı təcrübə
proqramlarına qatılacaqlar.

Sənədə əsasən, Universitetin tələbələrinin bilik və
bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı
layihələrin birgə icrası, o cümlədən menecment, sığorta işi və
aqrar sığorta sahəsində birgə tədbirlərin təşkil edilməsi
planlaşdırılır.

ADA Universitetinin müvafiq ixtisaslarda təhsil alan
tələbələrinin Aqrar Sığorta Fondunda istehsalat təcrübəsi keçməsi,
yay təcrübə proqramlarının keçirilməsi və sertifikatın verilməsi,
eləcə də, təhsil müəssisəsini bitirmiş məzunların və xüsusi
istedadlı tələbələrin Aqrar sığorta sistemində (Aqrar Sığorta Fondu
və sistemin üzvü olan şirkətlərdə) işlə təmin edilməsi də
memorandumun əhatə etdiyi mövzular sırasındadır.


Aqrar Sığorta Fondu və ADA Universiteti arasında başlanacaq
əməkdaşlığın mühüm istiqamətlərdən biri də tələbələri Fondun
fəaliyyəti və buradakı mövcud vakansiyalar haqda məlumatlandırmaq
məqsədilə Universitetdə “Karyera günləri”nin keçirilməsi, eləcə də
Universitetin İxtisasartırma Proqramları tərəfindən Fondun
əməkdaşları üçün ixtisasartırma kurslarının təşkil edilməsidir.

Xatırladaq ki, Azərbaycanda aqrar sığorta sistemi – fermer və iş
adamlarına dəstək, onların risklərdən qorunması, aqrar sahənin
təhlükəsiz biznes sektoruna çevrilməsi və bu sahəyə
investisiyaların cəlb edilməsi məqsədilə 2020-ci ildən fəaliyyətə
başlayıb.

Hazırda aqrar sığorta mexanizmi vasitəsilə 41 bitki və əkin
sahələrini, kənd təsərrüfatı heyvanlarını və akvakultura
məhsullarını (balıqçılıq təsərrüfatlarını) sığortalamaq
mümkündür.

Teqlər: