Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 3 aprel 2022-ci il
tarixində keçirilən aşağıdakı imtahanların nəticələri elan
edilib.
Bu barədə AzerTimes-a DİM-dən xəbər verilib.
1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi,
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil
bazasında kolleclərə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli
dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə
xarici dil imtahanı;
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli
dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili
imtahanı;
4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif
səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət
edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak
etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə
bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI
sinif məzunları üçün buraxılış imtahanı.
1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini
verilən keçiddən https://eservices.dim.gov.az/2022/netbak1/ öyrənə
bilərlər.
4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini
öyrənmək üçün bu keçiddən
https://eservices.dim.gov.az/2022/netorta/ istifadə
etməlidirlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı
(hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell,
Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu
7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu imtahanlarında iştirakı nəzərdə tutulan 26128 nəfərdən 2115
nəfər imtahana gəlməyib. 15 nəfər isə tələb olunan qaydaları
pozduğu üçün imtahandan xaric olunub.
İmtahanda 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin
2018-ci il məzunu 290 bal toplayıb. Xatırladaq ki, imtahanda
toplanılması mümkün olan maksimal bal 300-dür.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM
tərəfindən 4 may 2022-ci il tarixindən etibarən onlayn (“Zoom”
proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi
təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək
istəyənlər 26-28 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək
elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən
müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün
müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu
qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət
araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya
müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir
iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə
aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə
qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə
prosesi dayandırılır.
Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl
abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə
bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər
bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış
olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya
üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab
verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə
şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə
baxılmayacaq.