Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində xüsusi rolu və əhəmiyyəti var – Deputat

Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində xüsusi rolu və
əhəmiyyəti var. Məhz bu döyüşlərdə əldə olunan qələbə 44 günlük
Vətən müharibəsində tarixi Zəfərin başlanğıcı oldu.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, bu döyüşlər həm strateji, həm də mənəvi-psixoloji
baxımdan Azərbaycana böyük üstünlük qazandırdı.

“Azərbaycan ordusu bu döyüşlər nəticəsində bir sıra mühüm
yüksəklikləri və əraziləri düşməndən azad etdi. Belə ki, döyüşlər
Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi. Tərtər rayonunun
Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə
yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və
Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bir sıra mövqelər
düşməndən azad olundu.

Düşmənin əks hücuma keçmə cəhdləri də uğursuz oldu, qüdrətli
ordumuz tərəfindən düşmənin qarşısı alınaraq böyük itkilərə məruz
qoyuldu. Yayılan məlumatlara görə, bu döyüşlərdə 320-dən artıq
düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu
yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası,
25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Bütün bunlar
Ermənistan ordusuna ağır zərbə oldu”, – deyə deputat bildirib.

O qeyd edib ki, aprel döyüşlərində Azərbaycan düşmən üzərində
hərbi qələbə ilə yanaşı böyük mənəvi-psixoloji qələbə də qazandı.
Aprel qələbəsi ilə cinayətkar erməni rəhbərlərinin keçilməz erməni
səngərləri haqqında mifi alt-üst edildi. Ermənistan hakimiyyəti
xalqı öz ordularının məğlubedilməz olduğuna “inandırmışdı”. Lakin
aprel döyüşləri bu yalanı ifşa etdi, erməni ordusunun əslində
qorxaq və zəif olduğunu üzə çıxardı”, – deyə A.Həsənova qeyd
edib.

O bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının öz liderinə,
ordusuna inamnı, torpaqlarımızın işğaldan azad olunacağına
əminliyini daha da artırdı.

“Və nəhayət 44 günlük Vətən müharibəsində bu inam və əminlik
özünü doğruldu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə şanlı Azərbaycan ordusu öz torpaqlarını erməni
işğalından azad etdi. Aprel döyüşləri Ermənistana dərs olmadı və
nəticədə Ermənistan daha ağır və acı məğlubiyyətlə üzləşməli
oldu.

Azərbaycan hər zaman bəyan edirdi ki, öz torpaqlarının işğalı
ilə barışmayacaq və istər sülh, istərsə də hərb yolu ilə bu işğala
son qoyacaq. Ermənistan və eləcə də münaqişənin həllində vasitəçi
olanlar aprel döyüşlərindən nəticə çıxarmalı və münaqişə
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli idi. Ancaq
Azərbaycan münaqişəni özü həll etdi və ərazi bütövlüyünü öz gücünə
bərpa etdi”, – deyə A.Həsənova əlavə edib.

Teqlər: