AP-nin Bakı qərəzi: Türkiyə artıq buna alışıb – Akyar

AP-nin Bakı qərəzi: Türkiyə artıq buna alışıb – Akyar

Avropa Parlamenti bir neçə gün əvvəl “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı hesabatını yayımladı. Sənədin 57, 58, 59 və 60-cı maddələri Azərbaycanla bağlıdır. Hesabatda Türkiyə ilə əlaqədar məsələlər də var.

Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Alim sənəddə ölkəmizlə bağlı əksini tapan yalan iddialardan danışıb:

“Sənədə Azərbaycanın işğaldan azad etdiyi Qarabağda erməni vətəndaşların izolyasiya edildiyi haqqında yalan iddialar daxil edilib. Guya Azərbaycan Laçın yolunu bağlamaqla oradakı erməniləri blokadaya salıb və sonra köçə məcbur edib. Bütün bunlarla yanaşı ötən ilin oktyabr ayında Ermənistana göndərilən missiya üzvlərinin sayının artırılmasının və hətta Ermənistan-Türkiyə sərhədində yerləşdirilməsinin önəminə diqqət çəkilib. Sənəddə Azərbaycanın Ermənistana “hücum”u halında enerji sahəsində bütün müqavilələrinin, neft-qaz alınmasının dayandırılması və sanksiyaların tətbiqi də təklif olunub. Bütün bunların hamısı yalan üzərində qurulan boş sözlərdir”.

Akyar AB-yə üzv dövlətlərin arasında ölkə maraqlarına görə fikir ayrılıqlarının olduğunu, AP hesabatındakı təklifləri bir çox ölkənin məqsədəuyğun hesab etmədiyini də qeyd edib:

“Azərbaycan Milli Məclisi AP-nin bu addımını qınadı. Qurum utanmaz şəkildə rəsmi Bakını heç bir əsası olmadan qınayır və “hücum olarsa” sanksiya tətbiqinə çağırır. Fikrimcə, belə şeylərlə rəsmi Bakıya təzyiq göstərə bilməzlər. Sənəd Avropa Komissiyasına tövsiyə xarakteri daşıyır. Orada əsasən Ukraynaya ediləcək yardımlardan bəhs edilib. Bir maddədə isə Qəzzada mülki insanların ölümü və Cənubi Afrika Respublikasının İsrailin hücumlarını soyqırım kimi qiymətləndirərək, Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldırmasıdan danışılıb.

Türkiyə artıq belə şeylərə alışıb, hər altı aydan bir ölkəmizlə bağlı belə siyasi məqsədlər güdən ittihamlar səsləndirirlər. AB hazırkı şəraitdə Azərbaycana necə sanksiya tətbiq edə bilər?

Sözügedən sənədə Azərbaycanla bağlı maddələrin salınmasını təşkilatda erməni diasporu ilə əlaqədəki qrupların fəaliyyətinin nəticəsi olduğunu düşünürəm. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, sənəd “tövsiyə xarakteri” daşıyır. Oradakı maddələrin yerinə yetirilməsi isə mümkün deyil”.

Teqlər: