Əgər Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədliyə qarşı irəli sürülən dələduzluqla bağlı iddia təsdiqini taparsa, o, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə azadlıqdan məhrum edilə bilər.
Bu sözləri AzerTimes-a açıqlamasında Yüksəliş Partiyasının sədri Anar Əsədli haqda DİN-də aparılan araşdırma haqda danışan hüquqşunas Anar Qasımlı deyib.
“Anar Əsədliyə qarşı külli-miqdarda dələduzluq iddiası irəli sürülüb. Qanunda külli miqdarda vəsait dedikdə 50 min manatdan 500 min manatadək məbləğ nəzərdə tutulur. Şikayətlərdə göstərilən məbləğ də (160 min ABŞ dolları – red.) “külli miqdarda vəsait”ə uyğundur. Əgər DİN-in araşdırmasının nəticəsi olaraq bu şikayət təsdiqini taparsa, A.Əsədliyə CM-in 178.3.2-ci maddəsi ilə (yəni külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsi, etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi) cinayət işi açıla bilər. CM-in 178.3.2-ci maddəsində 5 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur”, – o bildirib.
Qeyd edək ki, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub. Daxili İşlər Nazirliyi A.Əsədliyə tətbiq edilən qadağanın iki vətəndaşın şikayəti əsasında olduğunu bildirib. Vətəndaşların şikayəti isə dələduzluqla bağlı olub. A.Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pul alaraq mənimsəyib. Hər iki müraciətlə bağlı DİN-də araşdırma aparılır.