Ananın gözünə qaz sıxan polis kimdir?

Ananın gözünə qaz sıxan polis kimdir?

Sosial şəbəkələri tam başına götürüb o video: nəfəsi kəsilə-kəsilə geri qayıdan Ananın gözünə polislərdən biri heç bir səbəb olmadan qaz püskürdür.

DİN açıqlama verdi, o polisi axtarır…

Orda nə baş verdiyi, nə olduğu haqda məlumatlar olduqca məhduddur: süni gölə zəhərli maddələrin axıdılması və buna görə Söyüdlü camaatının etiraz etməsi iddiaları var. Ancaq biz fərqli mənzərəni müşahidə edirik.

Əlimizdə olan iki videodur: birində şirkət maşını olduğu təxmin edilən avtomobilin daşa basılması, ona qarşı ciddi aqressiya, digərində polis qalxanlarının qarşısında “geri çəkilən” Ananın gözünə qaz püskürülməsi…

Avtomobilin daşa basılması, insanların o dərəcədə aqressiv olması heç xoş mənzərə deyil: o daşa basılan da, onun içindəki də bizimdir. Onun “daşa basılmasını haqq etdiyini” təsdiqləyən heç nə yoxdur. Bilinən yalnız odur ki, o, kimdirsə, sadəcə, təzyiq altında camaatın əlindən başını götürüb qaçır – ancaq ehtirasları qızışan insanlar onu daşa basır. Niyə daş? Niyə o qədər aqressiya? Nə baş verib?

Kimsə buna haqq qazandırırmı?

İnanmıram!

Digər və bizi narahat edən o polisimizin hərəkətidir.

Əlbəttə ki, polis əsgərdir, ona əmr verilibsə, icra etməlidir – zatən maşının, fəhlələrin daşa basılaraq, xəsarətlər yetirildiyi bir yerdə polisin müdaxiləsi qaçılmazdır. Polislər işini görür. Ancaq O Polisə – qalxanların qabağında geriyə çəkilən Ananın gözünə qaz püskürtməyi kimsə əmr etməyib axı! Bu, o polisin öz “təşəbbüsüdür”.

Bir daha baxın o videoya: qaz püskürdən Polis digər həmkarlarından daha ucadır, daha gövdəlidir, daha sağlam görünür. Yəni əslində o, düşmən çəpəridir, igiddir, gəncdir, fiziki imkanları da digər həmkarlarından daha yuxarıdır – ehtimal ki!

Ancaq bir Ananın – o Ana ki, müqavimət belə göstərmir və yaxud artıq müqaviməti qırılıb – gözünə qaz püskürdəcək səviyyədə şikəstdir, zəlildir, miskindir…

Əmr icra et, sənə tapşırılan vəzifəni yerinə yetir – bu, sənin vəzifə borcundur. Ancaq sən qabağında uşaq kimi qaçan Ananın gözünə qaz püskürtməyi necə vicdanına sığışdırırsan? Bunu necə qəbullanırsan?

O polisi də bir Ana böyüdüb, əminəm ki, Ana onu “düşmən çəpəri” kimi böyütdüyünü sanıb. Dağ cüssəli gənc isə Ana qənimi kimi dövlətin nüfuzuna zərbə vuran, dövlətin sütununu baltalayan birisi imiş…

Sənin tayların 2020-də canını bu ölkə üçün qoydu!

Səndən qat-qat boy-buxunlu, şir biləkli, qurd ürəkli gənclər bu xalq üçün, bu millət üçün, bu Vətən, bu dövlət üçün, o Ana üçün canını əsirgəmədi!

Sənin həmyaşıdların Ana Vətənin bütövlüyü uğrunda qurban getdi.

Sən isə minlərlə igidin canını verdiyi Vətənin Anasının gözünə qaz püskürdürsən…

DİN-in o gənci tapacağına, onu cəzalandıracağına, daxili işlər orqanlarından xaric edəcəyinə qəti şübhə etmirəm və məsələ də bunda deyil. Məsələ belə bir gəncin Azərbaycanda mövcudluğundadır.

Axı, sən necə gözünü silə-silə gedən Anaya arxadan sürətli addımlarla yaxınlaşıb, qəfildən gözünə qaz sıxırsan? Bunu necə edə bilirsən? Bu ürəyi sinəndə necə gəzdirirsən? Bu düşüncə ilə sən necə mənim Polisim ola bilərsən?

Bu düşüncə, bu ürək və bu təfəkkürlə sən necə bu Vətəndə yaşaya bilərsən?

Teqlər: