Anamı gözlərimin önündə güllələdilər – Başlıbel qətliamı şahidi

Bu gün Başlıbel faciəsindən iyirmi doqquz il keçir.

Ermənilərin Başlıbel kəndinə hücumu zamanı yaxında yerləşən
mağaralarda mühasirədə qalan kənd sakini Habil Ələsgərov həmin
günləri, orada gördüklərini Trend-ə danışıb.

O, həmin faciəni həyəcan və göz yaşları ilə xatırlayaraq
bildirib ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri
Kəlbəcərin Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə
məxsus evləri kütləvi surətdə qarət edti və tamamilə yandırdı.

“Mənimlə bir yerdə 62 nəfər kəndimizin yaxınlığında yerləşən
mağaralara sığındıq. Bir neçə gün həmin mağaralarda mühasirədə
qaldıq. Mağarada olduğumuzdan şübhələnən 4 erməni PK pulemyotu ilə
atəş açaraq irəliləyirdi. Mağara atəşə tutulanda anam gözümün
qabağında qollarından yaralandı. I və II Dünya Müharibəsi
iştirakçısı olan babam Ələsgər Ələsgərov doğma torpağını tərk
etməyərək Başlıbeldə qalıb. Bu günədək itkin sayılır və onun
barəsində hər hansı məlumat yoxdur. Mağarada sağ qalan əliyalın
sakinləri qorumağa çalışan zərdablı Vüqar əsl qəhrəmanlıq
göstərirdi. O, son nəfəsinə qədər döyüşərək ermənilərin kahada
gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an
içərisində cəsarətlə mağaranın ağzına çıxan Vüqar Abdullayev
quldurların dördünü də yerə sərdi. Lakin ermənilərdən birinin
atdığı qumbara onu şəhid etdi. Ermənilər mağaralarda gizlənənləri
tapdıqdan sonra orada 12 günahsız sakinimiz qətlə yetirildi. 14
nəfər girov götürüldü. Məni də girov götürmüşdülər, lakin elə həmin
gün qaçıb canımı qurtara bildim. Qaçdıqdan sonra Kəlbəcərin başqa
bir kəndində gizləndim. Bu minvalla 113 gündən sonra gecələr
hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun
mühasirəsindən çıxa bildim”, – deyə hadisə şahidi bildirib.

Teqlər: