ANAMA Qarabağda fəaliyyət göstərəcək arıçı – fermerlərə təhlükəsizlik qaydalarına dair təlim keçib

Qarabağda fəaliyyət göstərəcək 46 nəfər arıçı-fermer və
mütəxəssislərə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi
(ANAMA) tərəfindən davranış və təhlükəsizlik qaydalarına dair təlim
keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, Kənd Təsərrüfatı
Nazirliyinin müraciətinə əsasən keçirilən təlim, işğaldan azad
edilən Füzuli, Cəbrayıl və Xocavənd rayonları ərazilərində arıçı
ailələrə dəstək pilot layihəsinin başlanılmasına xidmət edir. Qeyd
edilən rayonlarda öncədən müəyyən edilən sahələr üzrə ANAMA
tərəfindən təmizlənmə, yoxlanılma, monitorinq keçirilib və yaxın
zamanda arıçı ailələrin köçürülməsi planlaşdırılır. Qarabağ
bölgəsinin iqlim müxtəlifliyi və zəngin bitki örtüyü bu sahənin
inkişaf potensialını daha da artırır.

Qarabağ bölgəsinə səfər edən, burada bərpa və quruculuq işlərinə
cəlb olunan, həmçinin sahibkarlıqla məşğul olan hər bir şəxs,
mütləq şəkildə xüsusi davranış və təhlükəsizlik qaydalarına əməl
etməlidir. Göstərişlərə riayət etməyən şəxslərin mina və
partlamamış hərbi sursat qurbanı olmaq ehtimalı yüksəkdir.

Bugünədək ANAMA mütəxəssisləri tərəfindən işğaldan azad edilmiş
rayonlarda arıçılıqla məşğul olan 100-dən çox fermerə mina
təhlükəsizliyinə dair təlim keçirilib. Ümumiyyətlə, Qarabağ
bölgəsində bərpa və quruculuq fəaliyyəti ilə məşğul olan dövlət və
özəl təşkilatların nümayəndələrindən 5 000 nəfərdən artıq əməkdaş
Agentliyin təhlükəsizlik qaydaları barədə təlimlərdə iştirak
edib.

ANAMA tərəfindən həyata keçirilən partlayıcı sursatların
təhlükəsinə dair təlimlər əsasən ümumi maarifləndirmə, təlimçilərin
təlimi, icma əsaslı və məktəblərdə partlayıcı sursatların
təhlükəsinə dair maarifləndirmə istiqamətində həyata keçirilir.

Teqlər: